Apteklərdə satılan bu maskaların heç bir faydası yoxdur – fürsətçilər iş başında (FOTOLAR)
Apteklərdə tibbi baxımdan istifadəsinə icazə verilməyən materiallardan hazırlanmış maskalar satılır. Musavat.com xəbər verir ki, koronavirus pandemiyasına görə yaranan maska qıtlığından istifadə edən fürsətçilər yenə də fəaliyyətdədilər. Onlar tapa bildikləri ən ucuz parçalardan maska hazırlamağa davam edirlər. İşin təəccübləndirən tərəfi həmin maskaların sosial şəbəkə və elan saytlarından başqa apteklərdə də satılmasıdır.
Bir neçə aptekə baş çəkərkən bizə təklif edilən qara rəngli maskaların normalda alınan tibbi maskalardan çox fərqli olduğunu gördük.
Binəqədi rayonu, Mirmahmud Kazımovski 32 ünvanında yerləşən “Araz” aptekdə də bu cür maskalardan satılır. Maskanın hazırlandığı materialın adı leqafildir. Bu material daha çox mebel sexlərində divan və ya kresloların arxa və alt hissəsini bağlamaq üçün istifadə edilir. Leqafildən hazırlanan maskaların tibbi baxımdan heç bir faydası yoxdur.

“Araz” aptekdən öyrəndik ki, maskaları hər hansı bir dərman firması və ya şirkət gətirməyib. Məlum olur ki, maskalar hansısa sexlərdə hazırlanır və aptekə 30 qəpiyə təqdim edilir. Apteklər də maskanı 50-60 qəpiyə satır.

Bununla bağlı könüllü olaraq öz sexində maska hazırlayaraq insanlara pulsuz paylayan Rauf Qərib Alagözün də fikirlərini öyrəndik. Onun sözlərinə görə, leqafil əsasən parça sexlərdə hazırlanan divarların alt və arxa hissələrinin bağlanması üçün istifadə edilir: “Bundan maska düzəltmək mənasızdır. Çünki heç bir faydası yoxdur. Həm də bir qat edirlər ki, daha ucuz başa gəlsin. Biz də leqafildən maska hazırlamışıq. Amma bizim aldığımız leqafil pambıqdan və iki qat idi. Həm də iki qat arasında qoruyucu da var. Bizim aldığımız materialın bir metrəsinin qiyməti 2.5-3 manatdır. Amma bu leqafilin qiyməti 60-70 qəpikdir. Bir metrə leqafildən 50-60 ədəd maska çıxarmaq olur. Həmin maskanı hazırlamaq bir qansızlıq, onu 40-50 qəpiyə satmaq da başqa bir qansızlıqdır”.
R.Alagöz bildirdi ki, ölkədə maska qıtlığı yaranan ərəfədə uzun müddət öz ailə üzvləri ilə maska istehsal edərək ehtiyacı olan imkansız ailələrə paylayıblar: “Dünəndən bu işi dayandırmışıq. Öz seximizdə işlər başlayıb. Mən də tikiş maşınlarını sexdən gətirmişdim. Həm də artıq maska tikmək üçün lazım olan pambıq leqafili tapa bilmirəm. Hər zaman mal aldığımız yerlərdə leqafil yoxdur. İşbazlar bütün materialları alıblar”.
Bundan başqa, hazırda apteklərdə maska qıtlığı ilk günlərdə olduğu kimi deyil. Apteklərdə maska hər nəfər bir ədəd limiti ilə satılır. Bəzi apteklərdən isə ən yaxşı halda iki maska almaq olur. Yerli maska tapmaq isə daha çətindir.

Sumqayıt Kimya Sənayesi Parkının ərazisində “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan maska istehsalı müəssisəsinin açılışı aprelin 6-da olub. İlkin mərhələdə müəssisədə 120 min maska istehsal ediləcəyi, ikinci bir istehsal xətti qurulduqdan sonra isə istehsal həcmi 200-250 minə qaldırılacağı bildirilirdi. Artıq yerli istehsal olan maskalar satışa çıxarılıb. Lakin baş çəkdiyimiz apteklərdən yerli maska tapa bilmədik. Satıcılar bildirir ki, tələbat çox olduğundan maskalar qısa vaxtda satılır.
Oxucularımızdan biri apteklərdə satılan yerli maskanın fotosunu bizə göndərib.
Musavat.com

