Sabah 3-cü “ADEX 2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi açılacaq
ARANTV.AZ xəbər verir ki, sentyabrın 25-dən 27-dək ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Sabah Bakı Ekspo Mərkəzində 3-cü “ADEX2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi açılacaq.
Ölkəmizdə digər sahələrlə yanaşı, müdafiə sənayesində yeni-yeni nailiyyətlər əldə olunub. Müdafiə Sənayesi Nazirliyinin dəstəyi və “İTE QRUP” şirkətinin təşkilatçılığı ilə keçiriləcək sərgidə həmin uğurlar nümayiş etdiriləcək. Bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Bu dəfəki sərgidə dünyanın 29 ölkəsinin 224 şirkəti bir araya gələcək. Sərgiylə bağlı keçirilən mətbuat konfransında “İTE QRUP” şirkətinin regional direktoru Edvard Stroon məlumat verdi ki, tədbirdə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətlərindən ibarət 11 milli stend təmsil olunacaq. Bir sıra ölkələr isə əvvəlki illərlə müqayisədə öz milli ekspozisiyalarının sahəsini böyüdüblər. Məsələn, Türkiyə bu dəfə 41, Rusiya 25, İsrail 14, Belarus isə 10 şirkətlə sərgidə təmsil olunacaq. Bundan əlavə 23 ölkədən 34 yüksək səviyyəli nümayəndə heyətinin sərgidə iştirakı gözlənilir. Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin innovativ məhsulları, o cümlədən yenicə hazırlanan “Tufan” aftoqurğusu da nümayiş etdiriləcək. Nazir müavini Yəhya Musayev ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyasının 44 ölkəni əhatə edəcəyini dedi.
3 gün davam edəcək sərgidə müxtəlif təqdimat və seminarlar da təşkil olunacaq.

