Cəmiyyət 

Minskdə “Bakı Bulvarı” devizi altında Azərbaycan musiqi və mədəniyyəti festivalı keçirilib

ARANTV.AZ xəbər verir ki, Minskdə “Bakı Bulvarı” devizi altında Azərbaycan musiqi və  mədəniyyəti festivalı keçirilib. Belarus Azərbaycan İcmaları konqresinin və Minsk şəhər meriyasının təşkil etdiyi tədbirdə xalqımızın qədim adət- ənənələri və zəngin mədəniyyəti nümayiş etdirilib.

Minsk şəhərinin mərkəzində keçirilən Azərbaycan musiqi və mədəniyyəti festifalında gün ərzində xalqımızın qədim adət-ənənələri, zəngin mədəniyyəti, milli mətbəxi və ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsullar yerli ictimaiyyətə təqdim edildi. Belarusun dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimlərinin, diaspor və media təmsilçilərinin iştirak etdiyi tədbirdə ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən danışıldı. Minsk şəhər meriyasının mədəniyyət departmentinin rəhbəri Vitalina Rudzikova, Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Zülfüqar Tanrıverdiyev, Diasporla iş üzrə Dovlət Komitəsinin nümayəndəsi Elçin Soltanov, Belarus Azərbaycan İcmaları Konqresinin sədr müavini Vüqar Yusifov və digər çıxışçılar Azərbaycanın zəngin mədəniyyəti və milli-mənəvi dəyərlərinin Belarus ictimaiyyətinə çatdırılmasında belə tədbirlər xüsusi əhəmiyyət daşıdığını bildirdilər.

Açıq havada keçirilən festivalda, Belarus İcmaları Konqresinin mahnı və rəqs ansanblının rəngarəng çıxışları, Azərbaycanın tanınmış sənət ulduzlarının ifaları, milli mətbəx nümunələri, “Made in Azerbaycan” brendli məhsullar maraqla qarşılandı.

Festivalda iştirak edən Belarusun aparıcı televiziya kanalları və  media qurumları Azərbaycanın zəngin mədəniyyətini özündə əks etdirən maraqlı reportajlar yayımlayıblar.

Daha çox xəbərlər