Azərbaycanda qida təhlükəsizliyi problemi həllini tapıb
ARANTV.AZ xəbər verir ki, “Azərbaycanda qida təhlükəsizliyi problemi həllini tapıb. Lakin, qlobal təbbi fəlakətlər və istiləşmə kontekstində dünya ölkələri dayanıqlı qida zəncirinin yaradılmasında birgə fəaliyyət göstərməlidir. İndi dayanıqlı qida zəncirinin yaradılması ilə bağlı beynəlxalq təcrübə Azərbaycana ötürülür”. Bu fikirlər “Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı- FAO-nun birgə təşəbbüsü ilə keçirilən seminarda səslənib.
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı-FAO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir. Təşkilatla Azərbaycan arasında 2016-2020-ci illəri əhatə edən əməkdaşlıq sənədinə əsasən yaxın vaxtlarda yeni layihələrin icrasına başlanılacaq. Bu layihələr üzərində 2 ildir iş gedir”. FAO-nun ölkəmizdəki Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak belə dedi. O, Azərbaycanın Qida təhlükəsizliyinin təminatı və Kənd Təsərrüfatının inkişafı sahəsində uğurlarla nail olunduğunu bildirdi.
Dayanıqlı inkişafın təminatı ilə bağlı Azərbaycanın ən böyük uğuru yoxsulluq səviyyəsinin azaldılmasıdır. Bu fikri isə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov səsləndirdi. Qeyd etdi ki, ölkədə kənd təsərrüfatının inkişafı dayanıqlı inkişaf məqsədlərinin uğurla həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Hökümət aqrar sektorun inkişafına ciddi əhəmiyyət verir. Ölkə əhalisinin 47%-i kənddə yaşayır. 1,7 milyon şəxs bilavasitə kənd təsərrüfatı sahəsində çalışır. Azərbaycan iqtisadiyyatında milli məhsulun formalaşmasında kənd təsərrüfatı xüsusi paya malikdir və dünyada ərzaq təhlüksizliyinin təminatı üçün hökumət bütün qlobal layihələrdə yaxından iştirak edir. “Ölkədə aqrar sahə yeni mərhələyə qədəm qoyub” deyən Kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər nümunəvi xarakter daşıyır. Dövlət hər zaman fermerin yanındadır. Hazırda toxumçuluq və heyvandarlıq sahəsində bir sıra yeni layihələrin icrası planlaşdırılır. Aqrar sahədə məşğulluğun artırılması istiqamətində layihələr də həyata keçirilir, qadınların məşğulluğun artırılması istiqamətində xüsusi proqram nəzərdə tutulur. BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai isə dünyada 850 milyon nəfərdən çox insanın aclıqdan əziyyət çəkdiyini dedi. O, kənd təsərrüfatı sahəsində Azərbaycanda əldə edilən nailiyyətləri bütün sektorlar arasında düzgün əlaqələndirmənin nəticəsi kimi qiymətləndirdi. Seminarda Dayanqılı İnkişafla bağlı müxtəlif istiqamətlər üzrə məruzələr təqdim edildi.

