“Dünyanın ən böyük dərsi” layihəsinə başlanılıb
ARANTV.AZ xəbər verir ki, “Dünyanın ən böyük dərsi” layihəsinə başlanılıb. “İDEA” İctimai Birliyi, BMT-nin Uşaq Fondu-UNICEF-in Azərbaycan Nümayəndəliyi və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə təşkil edilən layihənin məqsədi ətraf mühitin qorunması istiqamətində maarifləndirici seminarların təşkilidir.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə həsr olunan “Dünyanın ən böyük dərsi” layihəsi Bakı şəhəri və Xaçmaz rayonunun 20 orta məktəbinin müəllimləri üçün təşkil edilib. Dərslərin məqsədi orta məktəb şagirdlərinin bir sıra mövzulara, o cümlədən iqlim dəyişikliklərinə dair biliklərini artırmaqdır. Bununla yanaşı, iqlim dəyişikliklərinin ətraf mühitə təsiri və digər məsələlər müzakirə mövzusudur.
Coğrafiya və Bilogiya müəllimləri üçün təşkil olunan dərslərin sonunda layihədə iştirak edən məktəblər “World’s Largest Lesson” internet səhifəsində yerləşən dünya xəritəsində işarələnəcək. 2015-ci ildə dünya liderləri tərəfindən BMT-nin Davamlı İnkişaf üzrə-2030 Gündəliyi qəbul edilib. Bu təşəbbüsə Azərbaycan da qoşulub. “Dünyanın ən böyük dərsi” layihəsi üzrə indiyədək 130-dan çox ölkədən milyonlarla uşaq və gənc Dayanıqlı İnkişaf Məqsədləri, o cümlədən qarşıya qoyulan ekoloji, sosial və iqtisadi çağırış və hədəflər haqqında məlumatlandırılıb.

