Dağlıq Qarabağ münaqişəsi İƏT-in iclasında gündəmə gətirildi
ARANTV.AZ xəbər verir ki, Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Əlaqə Qrupunun 3-cü iclası keçirilib. İclasda Ermənistanın Azərbaycan ərazilərindəki fəaliyyəti və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozduğu diqqətə çatdırılıb. Azərbaycana qarşı gücdən istifadə və ərazilərin işğalı sərt şəkildə pislənilib.
“Dağlıq Qarabağ münaqişəsinin başlamasından 25 ildən çox vaxt keçib. Buna baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının tələblərinə və BMT Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinin işğalını davam etdirir”. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın ölkəmizə qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının Əlaqə Qrupunun 3-cü iclasında çıxışı zamanı səsləndirib. Bildirib ki, Ermənistan davamlı şəkildə münaqişənin həlli prosesinə maneələr törədir, eyni zamanda, nəticələrə yönələn danışıqlar aparmaqdan imtina edir, vəziyyəti gərginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır. Ermənistan Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir. Bu yaxınlarda Ermənistandakı hərbi diktatura rejimi devrildi və ölkənin rəhbərliyi dəyişildi. Yeni rəhbərlikdən ilkin gözləntilər fəaliyyətin bəyan edildiyi kimi, beynəlxalq hüququn norma və prinsiplərinə, demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulması idi. Təəssüf ki, yeni rəhbərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və vəzifəsinə münaqişənin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xələl yetirən təxribatçı bəyanatlar verməklə başladı. Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT Əlaqə Qrupunu təşkilatın münaqişə üzrə müvafiq qərarlarının həyata keçirilməsi üçün praktiki addımların müzakirəsi, müəyyənləşdirilməsi və işlənilməsi üçün əhəmiyyətli platforma kimi nəzərdən keçiririk. Bu qrup çərçivəsində tərəfimizdən işlənib hazırlanan praktiki tədbirlər baxılması və qəbul edilməsi üçün İƏT Nazirlər görüşünə və geniş icrası üçün İƏT-ə təqdim olunmalıdır. İƏT-in Ermənistan-Azərbaycan münaqişəsi üzrə müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirdikdən sonra bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirləri müəyyənləşdirmişik. Təklif etdiyimiz tədbirlər bugünkü qərarımız əsasında İƏT-in baş katibi tərəfindən irəli sürüləcək.

