Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunan tədbir Monteneqro KİV-lərində geniş işıqlandırılıb
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunan təntənəli tədbir haqqında məlumatlar Monteneqronun ictimai radio və televiziya xidmətinin və geniş oxucu kütləsinə malik “cdm” internet səhifələrində işıqlandırılıb. Məqalələrdə Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə yer verilib, parlamentin ölkəmizin müstəqilliyinin möhkəmlənməsindəki, sürətli inkişafının təmin edilməsindəki rolundan, Azərbaycanın sülh, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərini bölüşən bütün dövlətlərlə əməkdaşlığa hazır olmasından söhbət açılıb. Bildirilib ki, tədbirdə çıxış edən Monteneqro Parlamentinin sədr müavini Genci Nimanbequ Azərbaycanda iqtisadi tərəqqinin və insan kapitalının inkişafına xüsusi önəm verildiyini deyib, həmçinin respublikamızın beynəlxalq aləmdə artan nüfuz və rolundan danışıb. Azərbaycanla Monteneqro arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

