Pandemiya ilə mübarizə: Azərbaycanın təcrübəsi təqdir edilir
Bütün dünyanı cənginə alan yeni növ koronavirus COVID-19 hətta inkişaf etmiş ölkələrin belə iqtisadiyyatlarına ağır zərbələr endirdi. Hər yerdə cəmiyyətin bütün sahələri bu çətin sınaq qarşısında qaldı. Pandemiya ilk növbədə səhiyyə sistemi zəif olan ölkələri daha çox iflic etdi. Beləcə həmin ölkələrin bütün sahələri, xüsusilə sanayesi domino effekti ilə dağılıb töküldü.
Pandemiya ilə mübarizədə hər bir ölkənin öz metod və vasitələrini görmək mümkündür. Şübhəsiz, indi hər bir dövlət hakimiyyəti böhran şəraitində öz vətəndaşlarının hüquq və rifahının qorunması üçün müəyyən tədbirlər görür. Bunun effektivliyi və xalqın inamı gələcək uğurlar üçün çox vacibdir.
Bu günlər beynəlxalq nəşrlərdə də dönə-dönə qeyd edildiyi kimi, Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, güclü və sabit iqtisadiyyata malik, regionun aparıcı dövləti olan Azərbaycanda pandemiya ilə bağlı vəziyyət Avropa və ABŞ-a nisbətən daha qənaətbəxşdir. Xarici mətbuatın yazdıqlarına görə, ümumiyyətlə, koronavirus pandemiyasına qədər Azərbaycanda həyat fəaliyyətinin bütün sahələrində əvvəlcədən elan edilmiş islahatlar qısa müddətdə müfəffəqiyyətlə həyata keçirilmişdir. Belə ki, ölkənin əsas gəlir mənbəyi olan neft sektorunun inkişafı iqtisadiyyatın dayanıqlılığının və sabitliyinin, eləcə də əhalinin məşğulluğunun təmin olunmasında prioritet istiqamət olmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı güclü tədbirlər görülmüşdür. Eyni zamanda, şəffaflığın təmin edilməsi və əhaliyə göstərilən elektron-informasiya xidmətlərinin təkmilləşdirilməsi istiqamətində ölkə başçısının göstərişləri uğurla yerinə yetirilir. Həyata keçirilən bütün bu islahatlar və tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşadırılmasına hədəflənib. Məhz əldə olunan nəticələr respublikada koronavirusla uğurlu mübarizə tədbirlərinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynamaqdadır.
Koronavirusla mübarizədə, ilk növbədə, ölkə başçısının tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. İlk gündən respublikada vəziyyət nəzarət altına alındı. Ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesi, eləcə də ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı, bütün kütləvi tədbirlərin vaxtı dəyişdirildi. Ölkədə xüsusi karantin rejimi tətbiq olundu, vətəndaşların yalnız xüsusi məqsədlə müəyyən edilmiş saatla SMS xidmətindən istifadə etməklə evdən çıxmasına icazə verildi. Həmçinin Bakı Metropoliteninin fəaliyyəti dayandırıldı, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıldı. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısının tapşırığı və nəzarəti ilə iqtisadiyyatın bütün sahələrinə genişmiqyaslı dövlət dəstəyi göstərildi. Pandemiya ilə bağlı görülən məhdudlaşma tədbirləri nəticəsində daha çox zərər görən, prosesdən orta səviyyədə və minimal zərərlə çıxan sahələr müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektlərinə məruz qalma səviyyəsinə görə maliyyə dəstəyi, vergi güzəşti və tətilləri, eləcə də digər iqtisadi dəstəklər həyata keçirildi. Əhalinin həssas təbəqələrinə birbaşa güclü sosial dəstək tədbirləri reallaşdırıldı. Ayrı-ayrı ölkələrin pandemiya ilə mübarizədə qoruyucu vasitələrin qıtlığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycan koronavirusla mübarizədə əhalini zəruri müdafiə vasitələri ilə müstəqil şəkildə təmin edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan, gündəlik 250 min tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə bu virisin diaqnostikası ilə bağlı müasir tibbi avadanlıq və cihazlarla təchiz edilmiş 18 müasir laboratoriya yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.
Koronavirusla mübarizə məqsədilə 575 çarpayılıq yeni tibb müəssisəsi yaradılıb. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir. “Biz birlikdə güclüyük!” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Aksiya çərçivəsində aztəminatlı ailələrə 100 mindən artıq sovqat paylanıb.
Dünya mətbuatında yer alan yazılarda xüsusi vurğulanır ki, bütün bunlar Azərbaycanın qısa müddətdə koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi tədbirlərin bir hissəsidir. İnamla demək olar ki, Azərbaycan öz lideri İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qalib gəlir. Ölkədə artıq bu virusdan sağalanların dinamikası yoluxanların sayını üstələyir. Bildirilir ki, əlbəttə, pandemiya Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmaqdadır. Buna baxmayaraq ölkə rəhbərliyi öz vətəndaşlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bütün tədbirləri həyata keçirir. Həmçinin həyata keçirilən bütün tədbirlər pandemiya dövründə və ondan sonrakı mərhələdə ölkə iqtisadiyyatının inkişafına hədəflənib. Artıq may ayının 4-dən ölkənin xüsusi karantin rejimindən mərhələli şəkildə çıxacağı elan olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın koronavirusla mübarizəsi Ümumdünya Səhiyyə Təşkilatı, onun direktoru Tedros Adhanom Qebreyesus tərəfindən yüksək qiymətləndirilib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının koronavirusla bağlı videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. May ayının 4-də isə Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “Biz birlikdə COVİD-19-a qarşıyıq” videokonfransı keçiriləcək.
Şübhəsiz, Azərbaycan pandemiyanın iqtisadiyyata qarşı mənfi təsirlərini aradan qaldırmaq sahəsində gördüyü tədbirlərlə bütün dünyaya nümunə oldu. Artıq bir çox ölkələr bu sahədə Azərbaycanın təcrübəsindən istifadə edirlər. Burada “Biz birlikdə güclüyük!” şüarı bir daha nümayiş etdirdi ki, yalnız birgə səylərlə, milli birlik və həmrəylik sayəsində bu təhlükəni dəf etmək mümkündür.
Zahid Rza, “İki sahil”

