Gündəm 

Bol məhsulun sevinci

Xüsusi karantin rejimi dövründə sosial izolyasiya tədbirlərinə əməl olunmaqla Masallı rayonunda nübar çiyələk yığımına start verilib.

Bəri başdan deyim ki, ilk günlərdən becərmə işləri intensiv texnologiya əsasında görüldüyü üçün kollar bol məhsul gətirib. Fermerlər orta məhsuldarlığın 300 sentner olacağına ürəkdən inanırlar. Çiyələyin dadına, keyfiyyətinə də söz ola bilməz. Odur ki, yerli bazara çıxarılan Masallı çiyələyi yaxşı qiymətə satılır. Hazırda onun bir kiloqramı tədarükçülərə 2 manata təklif edilir. Qiymət çiyələk becərənlərə sərfəlidir. Sahələrdən yığılan məhsulun yerli bazarla yanaşı, yaxın vaxtlarda şimal qonşumuz olan Rusiyaya da ixracı nəzərdə tutulub.

Çiyələk becərənlər dövlətin göstərdiyi qayğıdan çox razıdırlar. Dövlət tərəfindən onlardan ötrü müasir texnologiya əsasında qurulan saxlama və soyudulma anbarları vasitəsilə öz məhsullarını istehlakçıya keyfiyyətini itirmədən çatdıra bilirlər. Həm də çiyələk əkinində məhsuldarlığın atması, meyvələrin sulu və görünüşlü olmasında suvarmanın əhəmiyyəti böyükdür. Bu baxımdan sahələrdə artezian quyuları qazılıb, müasir damcı suvarma sistemi qurulub.

Rayonda çiyələyin kütləvi yığımına isə may ayında başlanacaq və sentyabrın sonuna qədər davam edəcək.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər