Cəmiyyət 

Cenevrədə Azərbaycanın zəngin mədəni irs nümunələrinin təbliği məqsədilə tədbir keçirilib

ARANTV.AZ xəbər verir ki, Cenevrədə Azərbaycanın zəngin mədəni irs nümunələrinin təbliği məqsədilə “Mədəni yaxınlıq: fərqliliyin vəhdəti” adlı tədbir keçirilib. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Cenevrədəki mənzil-qərargahında keçirilən “Mədəni yaxınlıq: fərqliliyin vəhdəti” adlı tədbirdə Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa Regional Qrupuna daxil olan ölkələr milli-mədəni irs nümunələrini təqdim etdilər. Tədbirdə Azərbaycan ayrıca guşə ilə təmsil olundu. Xüsusi ekran vasitəsi ilə ölkəmiz haqqında videoçarxlar nümayiş etdirildi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən xalça, kəlağayı, dolma və paxlava barədə ətraflı məlumatlar təqdim edildi. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri milli-mədəni irsin geniş ictimaiyyətə təqdimatının əhəmiyyətini diqqətə çatdırdı. Qazaxıstanın ədliyyə nazirinin müavini Nataliya Pan regional qrupun koordinatoru qismində çıxış etdi. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ölkəmizin coğrafi mənşəyə malik milli-mədəni irs nümunələrinin, bir növ milli əmtəə nişanlarının təqdim olunduğunu diqqətə çatdıraraq vurğuladı ki, Azərbaycan guşəsində təqdim olunan xalça, kəlağayı, eləcə də kulinariya nümunələri çox böyük dəyər və gücə malikdir.

Tədbir iştirakçıları Azərbaycanın əqli mülkiyyət hüququ sahəsindəki inkişafından bəhs etdilər. Tədbir iştirakçılarına Azərbaycanın milli mətbəx nümunələri də təqdim olundu.

Qeyd edək ki, sərgi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Baş Assambleyasının 58-ci sessiyanın sonunadək nümayiş olunacaq.

Daha çox xəbərlər