Polkovnik Şair Ramaldanov QAT-çılarla Qarabağ məsələsini müzakirə etdi
Qarabağ Azadlıq Təşkilatının “QAT.Qarabağa doğru” WatSaap qrupunda sabiq briqada və korpus komandiri, iki dəfə “Azərbaycan Bayrağı” ordenli, mübariz və dönməz polkovnik Şair Ramaldanovun iştirakı ilə “Hərbi yol – yeganə yol” mövzusunda ictimai dinləmələr keçirilib.
QAT sədri Akif Nağı dinləmələrin məqsədini, Qarabağın azadlığı üçün hərbi yolun labüdlüyü ilə bağlı fikirlərini çatdırıb. Bu barədə Musavat.com-a verilən məlumata görə, QAT sədri qeyd edib ki, “QAT.Qarabağa doğru” WatSaap qrupunda Qarabağ Azadlıq Təşkilatının İdarə heyətinin, Ali Məclisinin, Ağsaqqallar Şurasının üzvləri, QAT rayon şöbələrinin sədrləri, QAT-ın Avropa, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə fəaliyyət göstərən təmsilçiləri, ümumilikdə 100-dən artıq şəxs müzakirələrdə iştirak edir. Polkovnik Ş.Ramaldanov qısa giriş sözündən sonra qrupun üzvlərinin qoyduğu məsələlərə münasibət bildirb, sualları cavablandırıb.
İctimai dinləmələr zamanı Qarabağın azadlığı naminə müharibənin Vətən müharibəsi xarakteri, genişmiqyaslı hərbi əməliyyatlarının zəruriliyi və bu varianta mane ola biləcək amillər, hərbi təlimlərin əhəmiyyəti, Azərbaycan Ordusunun istənilən hərbi əmri yerinə yetirməyə hazır olması, ordu və xalqın birliyindən bəhs olunub. Həmçinin polkovnik Ramaldanovun iştirçakısı olduğu Horadiz əməliyyatının əhəmiyyəti, həmin döyüşdə iştirak edənlərin xüsusi xidmətləri, torpaqlarımızı azad etmək üçün vaxtın artıq yetişdiyi, hərbi əməliyyatların başlayacağı təqdirdə Rusiya amilinin mümkün təsir imkanları, Rusiyanın müharibəyə müdaxilə imkanlarının olmaması, düşmənə qarşı qısa müddətdə hərbi əməliyyatların vacibliyi, Qarabağ müharibə veteranlarının problemləri, ərazilərimizin işğaldan azad olunması üçün partizan müharibəsindən istifadənin mümkünlüyü barədə maraqlı müzakirələr aparılıb. Bundan əlavə, Müdafiə Nazirliyinin kadr siyasəti, ləngimədən hərbi əməliyyatların başlanmasının vaciblyi və digər məsələlər geniş müzakirə olunub, əsasən vahid mövqe formalaşdırılıb.
Musavat.com

