Sosial 

Növbəti 20 ildə nələr tarixə qovuşacaq?

50-100 il əvvəl bir-biri ilə uzaq məsafədən danışmağa və bir-birini görməyə imkan verən qurğular, habelə siqnal ötürən kosmik peyklər haqqında məlumatlar elmi fantastika kitablarında oxunardı. O zaman heç kim bütün bunların reallığa çevriləcəyini düşünə bilməzdi. Ancaq indi mobil telefonlarımız, internet, kvadrokopterlər və mikrodalğalar var və bütün bunlar adi gündəlik həyatın tərkib hissəsinə çevrilib.

Bəs növbəti illərdə bizi nələr gözləyir? Qarşıdakı 100 ili təxmin edə bilməsək də, növbəti 20 il ərzində bizi nə gözlədiyini proqnozlaşdırmağa çalışdıq:

Plastik materiallar azalacaq

Plastik butulka və plastik zibil torbalarının ömrünə çox az qalıb. Artıq qarğıdalı nişastasından torbalar və bioloji olaraq parçalana bilən butulkalar mövcuddur. Hələlik hazırlanma xərcləri çox olduğundan qiyməti də bahadır və ona görə çox yayılmayıb. Lakin bu istiqamətdə işlər davam etdirilir və yaxın illərdə plastik su butulkaları insanlara keçmişi xatırladacaq.

Şəxsilik anlayışı itəcək

Həqiqətən də zaman keçdikcə şəxsilik, məhrəmlik anlayışı daha da azalmaqda davam edir. Sosial şəbəkələr, axtarış sistemləri, verilənlər bazası, biometriya, kameralar, üz tanıma sistemləri və s. şəxsilik anlayışını azaldıb. Cəmiyyətdən gizlin nə isə etmək müşkül məsələyə çevrilib və bu artıq həyat tərzinə çevrilir.

Simlər yox olacaq

Enerjisi bitmiş telefon əsəblərimizi korlayır, bəzən isə planlarımızı alt-üst edir. Enerji bankı da bu məsələnin həlli deyil, çünki çox vaxt enerji bankımız olduğu halda evdə, maşında və ya digər çantada unutmuş oluruq. Bu o qədər tez-tez təsadüf edilən bir problemdir ki, bəzi şirkətlər artıq ciddi tədbirlər görməyə başlayıblar. Onların gəldiyi nəticələr onu deməyə əsas verir ki, tezliklə simsiz enerji qurğuları yaradılacaq. Plana görə, telefonun enerjisini doldurmaq istənilən yerdə və simsiz mümkün olacaq.

Qızıl

Planetimizin qızıl ehtiyatları məhduddur. ABŞ-ın geoloji xidmət idarəsinin qiymətləndirməsinə görə, qızıl resursları tezliklə tükənə bilər. Hazırda Yerdə bu metal ümumilikdə 50 min ton civarında qalıb. Hər il təqribən 2,5-3 min ton qızıl hasil edilir. Bu minvalla 17 ildən sonra qızıl yox ola bilər.

Mağazalar

“Amazon Go” mağazalarında artıq bir dənə də kassir yoxdur, alış-verişə görə ödəniş alıcı mağazadan çıxarkən onun hesabından tutulur.

Belə görünür ki, get-gedə alış-veriş üçün mağazalar gəzmək vərdişləri azalacaq və mağazalar indiki kimi olmayacaqlar. Girişdə skaynerlər vasitəsilə hər bir alıcının aldığı malların individual siyahısı hazırlanacaq və virtual satıcılar tərəfindən hər bir alıcıya onun zövqünə uyğun mallar təklif ediləcək. Kassalar da olmayacaq, alış-verişə görə ödəniş mağazanın çıxışında hesabdan avtomatik çıxılacaq.

Poçtlar

Bir sıra ölkələrdə poçtlar artıq aktuallığını itirib. İnsanlar onilliklərdir ki, bir-birinə kağız məktub göndərməyi tərgidiblər. Bağlamaları çatdırmaq üçün isə kuryer xidmətləri fəaliyyət göstərirlər. Bütün lazımi məktublar e-mail ünvanımıza yollanır, reklam və hesablar da ora daxil olur. Beləcə, poçtlar kommersiya nəhəngləri ilə rəqabətə artıq davam gətirə bilməyəcəklər.

Tıxaclar

İnanmaq çətin olsa da, hər şey onu göstərir ki, yaxın gələcəkdə tıxaclar olmayacaq. Zamanla avtomobillər süni intellektlə idarə olunacaqlar və onların sayı da minimuma enəcək. Kompyuter səyahət istiqamətindəki yolda bütün mümkün vəziyyətləri hesablayacaqdır. Beləliklə, trafikə böyük təsir göstərən sürücü səhvləri sıfıra endiriləcəkdir. Avtomobillərin sıxlığı meydana gələrsə, real vaxt rejimində vahid kompyuter sistemi svetoforların işini nizamlayacaq və tıxac yaranmazdan əvvəl həll ediləcəkdir.

Antibiotiklər

Yarandığı gündən antibiotiklərdən istifadə o qədər çoxaldı ki, artıq bir çox xəstəliklər onlara qarşı dözümlü oldu. Ancaq qarşıdakı illərdə antibiotiklərin qəbulu tamamilə azalacaq. Antibiotiklərin yerinə bakteriyalardan istifadə edilməyə başlanılacaq. Xəstəyə orqanizmin infeksiyaya yoluxmuş hüceyrələrini bərpa etmək üçün antitellər yeridiləcək.

Alimlərin üzərində çalışdığı əsas şey mikroblarla mübarizə aparmaq yollarını deyil, onlarla birgə necə yaşamaq yollarını tapmaqdır.

Fosfor

Desələr ki, planetimizdə fosfor filizi ehtiyatları tükənir, çoxları narahat olmayacaq. Çünki fosfor filizinin nə qədər geniş istifadə olunduğundan insanlar xəbərsizdirlər. Fosfor olmazsa, hazırda istifadə etdiyimiz bir çox məhsulun istehsalı tamamilə azalar. Hazırda dünyada 50 il bundan əvvəllə müqayisədə beş qat artıq fosfor istifadə olunur.

Alimlər bildirirlər ki, Yerdə əhalini sayı indiki səviyyədə artmaqda davam edərsə, fosfor filizi ehtiyatları maksimum 80 ilə bitəcək. Bu dəyərli mineralın təkrar istifadəsi istiqamətində də işlər aparılır.

Fermer təsərrüfatları

Buğda, qarğıdalı və günəbaxan əkilən hektarlarla tarlalar zamanla yox olacaq. Şəhərlər sürətlə böyüyür və əkin sahələrinin sahəsi sürətlə azalır. Ancaq şaquli fermalar ənənəvi təsərrüfatları əvəz edəcək. Əslində bunlar şaquli stendlərdə bitkilərin əkildiyi saxlama otaqları kimi hündür istixanalardır.

Həmin sahədə bir başlanğıc olan “Plenty” layihəsinin inkişafı üçün bu yaxınlarda “SoftBank Vision” fondu 200 milyon dollarlıq maliyyə vəsaiti ayırdı. Göründüyü kimi, şaquli fermalar yaxın gələcəkdə meydana çıxacaqlar.

Nubar Süleymanova, “İki sahil”

Daha çox xəbərlər