Dünya 

Səudiyyə Ərəbistanı valyuta ehtiyatlarından 32 milyard dollar xərcləyəcək

Səudiyyə Ərəbistanı hakimiyyəti koronavirus pandemiyasının səbəb olduğu böhran və kəskin azalan neft qiymətləri şəraitində ölkə iqtisadiyyatını dəstəkləmək üçün görünməmiş tədbirlər həyata keçirir. 

The Wall Street Journal-ın yazdığına görə, neft gəlirlərinin azalması, xərclərinsə artması Ər-Riyadın 2020-ci il ərzində valyuta ehtiyatlarından 32 milayrd dollar xərcləməsinə gətirib çıxaracaq. Bundan əlavə, ölkə xarici bazarlardan borc almalı olacaq. Eyni zamanda varis şahzadə Məhəmməd İbn Salman özünün layihələrindən bir neçəsini təxirə salmalı, yaxud məbləğini azaltmalı olacaq.

Səudiyyə hökuməti koronavirusa görə fəaliyyəti dayanan biznesə əmək haqqının ödənməsi üçün yardım edir. Biznes həmçinin satış vergisinin, aksizlərin və gəlir vergisinin ödənişindən azad olunub. Bundan əlavə, Səudiyyənin Mərkəzi Bankı kreditləri restrukturizasiya etmək və borclulara ödənişlərdə tətil vermələri üçün banklara likvidliyin saxlanması məqsədilə yardım edir.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Səudiyyə Ərəbistanının Ümumi Daxili Məhsulu cari ildə 2,3 faiz azalacaq. Ölkə büdcəsinin kəsiri isə ÜDM-in 13 faizinə yüksələcək.

Bundan əvvəl Ər –Riyad xarici borcun ÜDM-ə nisbətini 30 faizdən 50 faizə qaldırıb. Mart ayında ölkənin valyuta ehtiyatları rekord həcmdə – 24 milyard dollar azalmaqla 479 milyard dollar təşkil edib.

 

Musavat.com

Daha çox xəbərlər