Hərbi qanunvericiliyə dəyişikliklər olunur
ARANTV.AZ xəbər verir ki, Hərbi qulluqçular və hərbi vəzifəlilər ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda onlara verilmiş hərbi rütbədən artıq məhkəmənin qərarı ilə deyil, Cinayət Məcəlləsinə uyğun olaraq məhrum ediləcəklər. Bununla bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirə olunub.
Dövlət başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının icrası ilə əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliklər edilməsi təklif olunur. Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov dedi ki, dəyişikliklər sərəncamdan irəli gələrək cəza siyasətinin humanistləşdirilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. Dəyişikliyə əsasən, hərbi qulluqçular və hərbi vəzifəlilər ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda onlara verilmiş hərbi rütbədən artıq məhkəmənin qərarı ilə deyil, Cinayət Məcələsinə uyğun olaraq məhrum ediləcəklər.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif olunan digər bir dəyişiklik isə 2016-cı il sentyabrın 16-da keçirilən referendumla konstitusiyanın 9-cu maddəsinə edilmiş dəyişikliklə bağlıdır. Əgər əvvəllər ölkənin təhlükəsizliyini və müdafiəsini Silahlı Qüvvələr və digər silahlı birləşmələr təmin edirdisə, hazırda Azərbaycanın Silahlı Qüvvələri Ordu və digər silahlı birləşmələrdən ibarətdir. Amma silahlı qüvvələrin tərkibində hərbi xidmət keçən elə koteqoriyaya aid şəxslər var ki, onlar sadalanan bu subyektlərə aid edilmir. Ona görə təklif olunur ki, qanunun tənzimləmə dairəsi həmin şəxslərə də şamil edilsin. Millət vəkilləri dəyişiklikləri məqbul saydılar.

