Bu ilin sonunadək sığorta bazarında 40 faiz artım proqnozlaşdırılır
ARANTV.AZ xəbər verir ki, Ölkədə hər il 10 faiz artan sığorta bazarının bu ilin sonunadək 40 faiz artacağı proqnozlaşdırılır. Bütün bunlar bazarın çoxşaxəli inkişafı ilə yanaşı, sığorta bazarı üzrə yığımların çoxalmasına da geniş imkanlar açacaq. İcbari sığorta ilə bağlı əməkdaşlıq haqqında imzalanan çoxtərəfli memorandum da bir sıra sahələr üzrə sığorta bazarının artırılmasına yönəlib.
Azərbaycanda hər il 10 faiz böyüyən sığorta bazarının bu ilin yekununda 40 faiz artacağı proqnozlaşdırılır. Bununla yanaşı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində bazarın artırılması hədəflənir. Bu sahədə yığımların 40 mln. manatdan 100 mln. manata çatdırılması planlaşdırılır. İcbari sığorta ilə bağlı əməkdaşlıq haqqında çoxtərəfli memorandumun imzalanması ilə bağlı tədbirdə bu barədə məlumat verən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli diqqətə çatdırdı ki, bütün bunlar bir sığorta növü üzrə 150 faiz, ümumi sığorta bazarının isə 10 faiz artımı deməkdir. Həmçinin kənd təsərrüfatı sahəsi üzrə icbari sığorta növlərinin artırılmasına dair danışıqlar aparılır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə diqqətə çatdırdı ki, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar dövlət xidmətlərinin elektron texnologiyalar üzərində, tam şəffaf və operativ şəkildə qurulması, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınmasına yönəlib. Sahil Babayev həmçinin “DOST” Agentliyinin və mərkəzlərinin, eləcə də “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin, müvafiq fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim olunması üçün “e-sosial” internet portalının yaradılması işləri davam etdirildiyini dedi. Bununla yanaşı, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasının dəstəklənməsi məqsədilə nazirliyin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondu da yaradılacaq. Gələn ildən isə pensiya təyinatının tam avtomatlaşdırılması nəzərdə tutulub.
Hazırda ölkədə icbari sığorta sinfi üzrə sığorta haqlarının toplanılmasında davamlı artım dinamıkası müşahidə olunur. Qeyd edilən icbari sığorta sinfi üzrə 2017-ci ildə 33.2 mln manat sığorta haqqı toplanıb və 4.3 mln manat sığorta ödənişi həyata keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışovun sözlərinə görə, 2018-ci ilin birinci yarımilliyi üzrə 21.3 mln manat sığorta haqqı toplanıb və 1.7 mln manat sığorta ödənişi edilib. Ölkədə muzdla çalışan 3.3 milyon əhalinin 1.6 milyon hissəsinin sığortalanmasını nəzərə alaraq, informasiya sistemlərin inteqrasiyası nəticəsində sığortaçılar tərəfindən yığılan sığorta haqlarının həcminin daha da artacağı gözlənilir. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu sektorun Azərbaycan iqtisadiyyatının sürətli inkişaf edən seqmentlərindən biri olduğunu dedi. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və sığorta şirkətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı. Memorandumda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi əksini tapıb.

