Avropada məişət zorakılığı halları artıb
Avropada koronavirus pandemiyası fonunda məişət zorakılığı artıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təcili tibbi yardım xidmətlərinə çağırışların sayının artması barədə məlumat yayıb. Qeyd edilib ki, aprel ayında müxtəlif Avropa ölkələrində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadınların müraciətləri ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çox olub.
ÜST-nin Avropa Bürosunun rəhbəri Hans Kluqe bildirib ki, karantin rejimi ərzində qadın və uşaqlara qarşı zorakılıq halları yüksək olub. Böhran dövrlərində maddi-psixoloji səbəblərdən məişət zorakılığının onsuz da yuxarı olduğunu qeyd edən H.Kluqe pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimin bu vəziyyəti daha da kəskinləşdirdiyini diqqətə çatdırıb. Məişət zorakılığı halları Avropanın demək olar ki, bütün ölkələrində artıb.
BMT-nin Əhali Fondundan (UNFPA) verilən məlumata görə isə məhdudiyyətlər daha 6 ay uzadılarsa, dünyada əlavə 31 milyon məişət zorakılığı halı baş verə bilər.

