Sosial 

Xəyanətin başqa adı – rüşvət…

Prezident İlham Əliyev hələ beş il öncə məmurlara xəbərdar edərək demişdi: “Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq.”

Göründüyü kimi, ölkə başçısı  məmurların cəzalandırılacağını açıq mətnlə bəyan etməklə yanaşı, hüquq-mühafizə orqanlarına ciddi tapşırıq vermişdi. Birmənalı şəkildə qeyd etmək olar ki, rüşvət və korrupsiya Azərbaycana  Qarabağın  işğalı  qədər, hətta  ondan  böyük  maddi və  mənəvi zərərlər  vurub. Çünki rüşvətxor məmur  ilk növbədə öz şəxsi  maraqlarını dövlətin maraqlarından üstün tutur  və  sadə  insanların  vətənpərvərlik  duyğularını,  dövlətə inamını sarsıdır. Azərbaycanın bugününü düşünən böyük dövlət xadimi  Heydər Əliyev  öz hakimiyyəti dönəmində  məhz rüşvətxor dövlət  məmurlarını nəzərdə tutaraq belə  fikir söylmişdi: “Rüşvətxor bazarda piştaxta arxasında əyləşib pul qazanmır, o dövlətin maraqlarını satır…”

Artıq təkzibolunmaz faktdır ki, bu gün rüşvətxorluq və korrupsiya hallarına  dünyanın hər yerində rast gəlmək olar. Son vaxtlar  Azərbaycanda  korrupsiya və rüşvət faktlarına görə  bir neçə rayonun  icra başçılarının, digər vəzifəli  şəxslərin    həbs olunması sübut edir ki, dövlətimiz cəmiyyəti içindən parçalayıb dağıtmağa xidmət edən bu iyrənc sosial bəlanın kökünü kəsməkdə israrlıdır və ölkə Prezidenti cənab İlham Əliyev bu biabırçı hallara son qoymaq üçün güclü siyasi iradə və qətiyyət nümayiş etdirir. Rəsmi məlumatlarda, eləcə də vətəndaşların müraciətlərində rüşvət  faktlarından dolayı ayrı-ayrı adamlara məxsus torpaq sahələrinin bu və ya digər rayonun icra hakimiyyətinin başçısı tərəfindən zəbt olunması  da qeyd olunur.  Biznes aləmində  hər hansı güc və səlahiyyət sahibi tərəfindən  vətəndaşın, şirkət sahibi və ya  mülküyyətçinin  iradəsini  nəzərə almadan faktiki olaraq ona  məxsuas  əmlakı ələ keçirilməsi   reyderçilikdir.  Reyder  – qəsbetmə  mexanizmidir (ingiliscə “raider ” basqın edib ələ keçirmək deməkdir).  XX əsrin əvvəllərində ABŞ-da Rokfeller ailəsi bu qəsbetmə mexanizmindən yararlanaraq nəinki milyader olmuş, hətta bu ailə  və onlara yaxın adamlar müxtəlif vaxtlarda  ABŞ-da  dövlət katibi, ticarət naziri,  müdafiə  naziri və  bir neçə  ştatın qubernatoru  olmuş, MKİ  – də, Senatda və ABŞ Konqresinin Nümayəndələr Palatasında nüfuzlu vəzifələr  tutmuşlar…

Azərbaycanda  sahibkarlığın inkişafına mane olan bu cür  faktlara  dövlət  başçısı  İlham Əliyev çıxışlarının birində   belə münasibət  bildirmişdir: “Bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir…”

Faktlar  göstərir ki, korrupsiya  ilə rüşvətin  ləğvi  təkcə və yalnız  dövlətin  idarəçilik  mexanizmindən  asılı deyil. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin effektivliyinin təmin edilməsi şərtlərindən biri də bu mübarizədə hökumət-vətəndaş əməkdaşlığıdır. Amma əfsuslar olsun  ki,  bu gün dövlət məmurlarının əməllərini  görüb susan vətandaşlarımız da  az deyil.

Dövlətimizin   başçısı İlham Əliyev ölkə televiziyalarına verdiyi müsahibədə bəzi icra hakimiyyətləri başçılarının həbsi ilə bağlı sualı cavablandırarkən demişdir: “Biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq. Eyni zamanda, həm mətbuatdan, həm ictimaiyyətdən mən həm dəstək görürəm, həm də ki, onlar mənə bu işdə kömək edirlər.”

Azərbaycanda bu sosial bəlanın qarşısını almaq məqsədi ilə qurulmuş mübarizə strategiyasını güc strukturları,  xüsusilə son vaxtlar Dövlət Təhlükəsizliyi Xidməti   həyata keçirir… Bu dövlət qurumunun keçirdiyi əməliyyat nəticəsində  vəzifəli şəxslər tərəfindən xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin mənimsəməsi faktları aşkara  çıxarılmışdır. Prezident  İlham Əliyev  dövlət tərəfindən ayrılmış ərzaq yardımlarının mənimsənilməsi faktlarına  münasibət bildirərkən demişdir: “Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur… Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa adı yoxdur. İndiki şəraitdə də bunu davam etdirirlər. Bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər. Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq”

Nurəddin Muğanlı, “İki sahil”

Daha çox xəbərlər