Gündəm 

Siyavuş Novruzovdan ittiham: “Dünənki korrupsioner Əli İnsanov bu gün müxalifətin ağsaqqalıdır”

“Tarixən, qədimdən Naxçıvanda korrupsiya olmayıb”.

Bu sözləri YAP-çı millət vəkili Siyavuş Novruzov Musavat TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, hətta Sovet hökuməti dövründə çoxu Naxçıvanda rəhbər vəzifəyə getmək istəməyib:

“Çünki orada hər kəs öz hüquqlarını bilirdi və müdafiə edirdi”.

S.Novruzov müsahibə zamanı Azərbaycan müxalifətində olan şəxslərlə debata çıxmamasının səbəblərinə də toxunub. Deyib ki, zamanında əksər müxalifət liderləri ilə debata çıxıb, polemika aparıb:

“Bu polemikalar zamanı heç birinin konkret bir nailiyyəti olmayıb. Üstünlükləri də yoxdur ki, onlardan çəkinək. Gündəlik onları dinləyirik, görürük. Konkret olaraq nə deyə bilərlərsə, siz jurnalist olaraq onu sual kimi bizə verirsiniz”.

YAP-çı deputat eyni zamanda bildirib ki, Azərbaycanda kimi rüşvət üstündə, korrupsiya üstündə həbs ediblərsə, dağıdıcı, xəyanətkar müxalifət onun yanında dayanır:

“Ən bariz nümunə keçmiş Səhiyyə naziri Əli İnsanovdur. O adam zamanında korrupsiya üstündə həbs olunmuşdu, bu gün də müxalifətin ağsaqqalıdır. Sabah onlar bu korrupsioner icra başçılarının da müdafiəsində dayanacaqlar. Bir dəfə də olsun onların qaçqını, köçkünü müdafiə etdiyini görmədik. O korrupsionerlərin, rüşvətxorların müdafiəsi onlar üçün daha vacibdir. Vaxtilə Azərbaycanda hüquq müdafiə təşkilarları var idi. Leyla Yunus da başda olmaqla, harda imkanlı adam vardısa, onu müdafiə edirdilər. Elə olurdu ki, bu varlı məhbuslara görə dava düşürdü hüquq müdafiəçiləri arasında. Bir kasıbın, imkansızın, ehtiyatsızlıq üzündən cinayət törətmiş şəxsin yox, ciddi korrupsionerlərin yanında olurdular. Müxalifət də onlar kimi davranır”.

Musavat.com

Daha çox xəbərlər