Manset 

Dahi bəstəkar Qara Qarayevin ev muzeyinin açılış mərasimi olub

ARANTV.AZ xəbər verir ki, Azərbaycanın böyük bəstəkarı, görkəmli alim-pedaqoq, SSRİ Xalq artisti Qara Qarayevin 100 illik yubileyi münasibətilə  ictimai xadimin  Nizami 47 ünvanında yerləşən ev muzeyinin açılışı olub.

“Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının, “Don Kixot” simfonik qravürünün və yüzlərlə müxtəlif janrlarda yazılmış əsərlərin müəllifi olan Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına təsir göstərmiş, özünəməxsus yaradıcılıq yolu keçmiş, yeni nəfəs, yeni fikir gətirib.” Bu barədə sənətkarın ev muzeyinin açılışında bildirildi. Mədəniyyət naziri Əbülfəs Qarayev  Prezident İlham Əliyevin görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı xatırladaraq vurğuladı ki, yubiley ili çərçivəsində  Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir. Qara Qarayevin tələbəsi, Bəstəkarlar ittifaqının sədri, xalq  artisti Firəngiz Əlizadə sənətkarla bağlı xatirələrini bölüşdü. Xalq yazıçısı Anar da Qara Qarayevin Azərbaycan klassik musiqisinin inkişafındakı əvəzsiz xidmətlərindən danışdı.

Qara Qarayev məhz Nizami 47 ünvanında yerləşən bu evində ilk əsərini yazmışdı. EvMuzeyi ilə tanışlıq zamanı məlumat verildi ki, burada sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar-sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları təqdim edilir. Muzeyin kolleksiyasına 300-dən artıq eksponat daxil edilib. Sonra prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100” illik yubileyi münasibəti ilə təltif olunan Fərəc Qarayevə  “Xalq artisti” vəsiqəsi təqdim olundu. Sonda görkəmli bəstəkar Qara Qarayevin əsərləri səsləndirildi.

Daha çox xəbərlər