Azərbaycan 10-cu Beynəlxalq İqtisadiyyat və İnvestisiya forumunda təmsil olunub
ARANTV.AZ xəbər verir ki, son illər Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən beynəlxalq infrastruktur layihələri Avrasiya ölkələri arasında iqtisadi, ticari əlaqalərin inkişafı və stimullaşdırılmasında əsaslı amilə çevrilib. Bu fikir Ukraynada keçirilən 10-cu Beynəlxalq İqtisadiyyat və İnvestisiya forumunda vurğulanıb.
Xarkov şəhərində keçirilən ənənəvi Beynəlxalq İqtisadiyyat və İnvestisiya Forumunda dünyanın 35 ölkəsindən 600-ə yaxın nümayəndə iştirak edirdi. Tədbirdə çıxış edən Ukrayna Prezidenti Petro Poroşenko bildirdi ki, iqtisadi əməkdaşlığın inkişafı, səmərəli investisiya mühitinin formalaşdırılması və qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsində forumun mühüm əhəmiyyət kəsb etdiyini dedi. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin 2,4 dəfə artaraq 810 milyon dollara çatdığını vurğuladı. Qeyd olundu ki, son illər təkcə Dövlət Neft Şirkəti Ukrayna iqtisadiyyatına 200 milyon ABŞ dolları həcmində sərmayə yatırıb. Azərbaycanda əlverişli investisiya mühitindən və qeyri-neft sektorunun inkişaf dinamikasından söz açan diplomat ölkəmizin bir sıra dövlətlərin, o cümlədən Ukraynanın müxtəlif infrastruktur layihələrinə sərmayə yatırdığını vurğuladı. Diqqətə çatdırıldı ki, Azərbaycanın iştirakı ilə həyata keçirilən infrastruktur layihələri Avrasiya ölkələri arasında iqtisadi, ticari əlaqalərin inkişafı və stimullaşdırılmasına əsaslı təkan verir. Azərbaycan Avrasiya və Şimal-Cənub marşrutları boyunca beynəlxalq infrastruktur layihələrini davam etdirir. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, hazırda isə Azərbaycanla İranı birləşdirəcək dəmir yolunun tikintisi regionda sülh və sabitliyin qarantına çevrilib.

