Koronavirus kimi Milli Şura – o da mutasiyaya uğrayıb…
Son aylarda ən çox eşitdiyimiz sözlərdən biri də “mutasiyadır”. COVİD-19 dünyanı cənginə almağa başlayanda elan edildi ki, bu, uzun zamandan bəri mövcud olan koronavirusun mutasiyaya uğramış yeni növüdür. Qorxulu olan da budur ki, koronavirus təzədən mutasiya etdiyindən COVİD-19-un immuniteti yoxdur, ona görə də kim yoluxsa, durumu çətin olacaq…
Camaat bu sözə nifrət etdiyi bir vaxtda “tərslikdən” Əli Kərimlinin kontrolunda olan Milli Şura da mutasiyaya məruz qalıb. Bunu həmin o Milli Şuranı yaradanlardan biri, bir neçə gün öncə MŞ-dan istefa verən Eldəniz Quliyev diqqətə çatdırıb…
Məsələnin məğzindən yəqin ki, məlumatınız var. Qısaca xatırlatma verim ki, pandemiya dövründə Milli Şuranın rəhbər şəxsləri (hansı ki, onlar özlərinə ziyalı, siyasətçi deyir, ölkəni “ağ günə” çıxarmaqdan dəm vurudular) Zoom praqramı vasitəsi ilə video-müzakirələr təşkil ediblər. Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Əli Kərimli Rafiq Manaflı, Rahim Hacıyev, Vidadi Mirkamal və digərləri yığışıb onlayn söhbət edirmişlər. Müxalifətdaxili məsələlərin müzakirəsi zamanı küçə söyüşləri belə eşidilib Milli Şuranın başbilənlərinin (ağsaqqal və ağbirçəyinin) iclasında. Qarşılarına kim keçdi – Müsavat, REAL, Altay Göyüşov və s. təhqir ediblər, ünvanlarına ağır sözlər söyləyiblər.
İclaslardan birində gey adlandırdıqları şəxsə də hücuma keçiblər. Onu da onlayn iclasın gedişində Rafiq Manaflı babat söyür, digərləri də bir az dəstək verir və daha nələr…
![]()
Özünü ölkənin “ana müxalifəti”, “alternativsiz, şəriksiz müxalifəti” kimi sırıyan Milli Şuranın bu anoral müzakirələrinin videogörüntüləri sosial şəbkələrdə yayılmağa başlayıb. Xalq qiymət verir ona “xoşbəxt gələcək” vəd edənlərin mənəvi durumuna…
Yeri gəlmişkən, Milli Şura, Əli Kərimli iddia edirlər ki, bəs, bu söyüşlü söhbətlərinin videosunu hökumət yayır. Amma unudurlar ki, bu onlayn iclasları birbaşa canlı efirdə gedirdi. Bunu ən azı Rafiq Manaflı söyüş söyəndə iclasda iştirak edənlərdən birinin, səhv etmirəmsə Qənimət Zahidin “nəzərə alın ki, iclas canlı yayımlanır” xəbərdarlığından da görmək mümkündür. Sosial şəbəkələrdə canlı yayılan videonu hökumətin izləyib yaymasına bir ehtiyac qalırdımı?…
Maraqlı olan odur ki, Milli Şura təhqir etdikləri içərisində ancaq geylərdən üzr istədi… Nə müsavatçılardan, nə REAL-dan, nə Altay Göyüşovdan, nə də ümumən belə eybəcər davranışlara görə cəmiyyətdən üzr istədilər. “Üzdəniraq”ların tələm-tələsik könlünü almalarını isə bununla izah edilir ki, məlum davranışları sıx bağlı olduqları missioner Qərb dairələrinin xoşuna gəlməzdi və bununla da Milli Şuraya maliyyə yardımlarını, əməkdaşlıqlarını dayandıra bilərdilər. Ən çox da ondan ehtiyat ediblər ki, hazırda Amerikada oturub, Əli Kərimlinin, Milli Şuranın 3-5 rəhbər şəxsinin maliyyə-qrant məsələlərini həll edən Cəmil Həsənlinin bu həmgaməyə görə ABŞ-dan çıxarılması da qaçılmaz olar…
Maddi maraqlarına görə “müttəfiqləri” olan Müsavata, REAL-a az qala “əcəb edib təhqir etmişik” formasında reaksiya verirlər, Cəmil Həsənli ilə Gültəkin Hacıbəyıi isə dərhal “üzdəniraq”lardan üzrxahlıq edir.
Bu adamlar uzun illərdir milli-mənəvi dəyərlərdən dəm vurur, xalqa, hökumətə “ağıl verir”, əxlaqdan danışır. Hətta sonuncu – Əli Kərimlinin də iştirak etdiyi video-iclasda onlar xalqı belə aşağılamaqdan çəkinmirlər. Həmin iclasın sonunda da Gültəkin Hacıbəyli hakimiyyətə gəlmək hazırlıqlarından bəhs edir, digərləri də “ura” tipində reaksiya verir. Təsəvvür edin, bu davranışın sahibləri – 5-10 nəfərlik iclasda özünü apara bilməyənlər, söyüş-təhqir makinaları Azərbaycanda hakimiyyətə iddialıdır.
Yeri gəlmişkən, illərdir Milli Şura, Əli Kərimli tərəfdarları sosial şəbəkələrdə söyüş terroru ilı məşğuldur və bunu durdurmurlar. Əgər bir qurumun rəhbərləri iclaslarda söyüş söyürsə, Əli Kərimlinin qoşulduğu toplantıda xalq aşağılanırsa, təbii ki, tərəfdarlarına, trollarına da söyüş kampaniyası aparmaq göstərişini vermələri təbiidir…
***
Burada bir haşiyə də çıxaq: Əli Kərimli haray qoparmışdı ki, guya blokadadadır, internetini kəsiblər, küçəyə çıxa bilmir. Amma görünən budur ki, yalan danışır, video-iclaslarda şəxsən iştirak edir. Bütün proseslərdən də məlumatlıdır və davamlı olaraq açıqlamalar, müsahibələr verir. İkincisi, onun da hamı kimi sms yazıb, bazar-dükana getmək, küçəyə çıxmaq hüququ, imkanları vardı, sadəcə adam “məqsədli əziyyət”ə qatlaşaraq, evdən çıxmayıb. Yəni qəsdən özünə blokada elan edib, hay-küy salıb ki, Qərb dairələrindən bir təzyiq gəlsin Azərbaycan dövlətinə…
***
Əslində, Milli Şura yarandığı gündən eybəcər fəaliyyətlə məşğul olub, mayası da xarabdır, “beşinci kolona” bağlılığı şübhə doğurmayıb və bu, ötənlərdə tutarlı faktlarla sübut olunub. İndi isə tamamən eybəcərləşib bu şura. Eldəniz Quliyev özü də məlum olayların fonunda MŞ-dan istefa verəndən sonra etiraf edib ki, rəhbərliyində olduğu qurum mutasiyaya uğrayıb. Bəli, buna şübhə yoxdur. Koronavirus kimidir bu Milli Şura da. Əvvəldən təhlükəli, murdarlıqlarla dolu olub, indi mutasiyaya uğradığı üçün daha pis formaya düşüb.
Odur ki, xalqın, insanların Milli Şuradan da sosial izoliyasiyası mütləqdir. Ona yaxın getmək olmaz, qorxuludur, təhlükəlidir. Koronovirus mahiyyətli nə varsa, onların sonuna çıxmaq lazımdır…

