DİM 2019-cu ilin buraxılış və qəbul imtahanlarının yeni modelini təqdim edib
ARANTV.AZ xəbər verir ki, yeni təhsil proqramları-kurikulumlar əsasında buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına, həmçinin müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodiki seminarlar başlayıb. Seminarda 2019-cu ildə keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər haqqında da məlumat verilib.
Dövlət İmtahan Mərkəzi 2019-cu ilin buraxılış və qəbul imtahanlarının yeni modelini təqdim edir. Dəyişikliyə əsasən, 9-cu siniflərin buraxılış imtahanı zamanı şagirdlər ana-dili və riyaziyyat fənni ilə yanaşı, xarici dildən də imtahan verəcəklər.
9-cu siniflərin buraxılış imtahanları 2 mərhələdə təşkil olunacaq. Birinci mərhələ mart-aprel, ikinci isə – iyunda keçiriləcək. Bu mərhələdə hər 3 fənn üzrə 30 qapalı test tapşırığı təqdim ediləcək. Tədrisi ingilis dilində aparılan məktəblərdə 9-cu sinif şagirdləri Azərbaycan dilindən imtahan verəcəklər. 11 illik təhsil bazasının buraxılış imtahanlarındakı yenilik isə abituriyent olmaq istəyənlərə 300 bal qazandıracaq.
Elmi-metodiki seminarda buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması da müzakirə olundu.

