“Made in Azerbaijan” brendi coğrafiyasını genişləndirir
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət iqtisadi əlaqələri də gücləndirib, ixracın həcmini xeyli artırıb, idxaldan asılılığı azaldıb. İxracyönümlü istehsalın genişləndirilməsi istiqamətində görülən işlər ixracın strukturunun xeyli dərəcədə təkmilləşməsini təmin edib. Belə ki, bu ilin 8 ayı ərzində ölkə büdcəsinə ixracdan 12,9 milyard ABŞ dolları dəyərində vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artım deməkdir. Qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor, ikinci yeri isə qızıl tutub. Bir sözlə, “Made in Azerbaijan” brendi coğrafiyasını genişləndirir. İxrac inkişafına statistik rəqəmlərlə nəzər salaq.
Bu ilin 8 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 131 milyon dollar və ya 14 faiz artıb. Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”-nın son açıqlamasında əksini tapıb. Belə ki, 2018-ci ilin yanvar-avqust ayları ərzində ölkə büdcəsinə ixracdan 12,9 milyard ABŞ dolları dəyərində vəsait daxil olub. Bunun da 1 milyard 94 milyon ABŞ dolları qeyri-neft sektoru üzrə ixracın payına düşür. Bu dəfə də ixrac ölkələri sırasında 375 milyon olmaqla Rusiya birinci, 249,8 milyonla Türkiyə ikinci yerdədir. Müvafiq dövrdə İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon, Çinə isə 32 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Plastmas və onlardan hazırlanan məmulatların ixracı 90 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 91 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57 milyon, pambıq lifi ixracı 58 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 14 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 8 ayında elektrik enerjisinin ixracı 64 faiz, pambıq ipliyinin ixracı 35 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 22 faiz, meyvə-tərəvəzin ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1 faiz artıb. Kənd təsərrüfatı məhsullarında isə ixracda pomidor üstünlük təşkil edib. Belə ki, 8 ay ərzində 144,4 milyon ABŞ dolları dəyərində pomidor ixrac edilib ki, bu da ötən illə müqayisədə 13 faiz artım deməkdir. Qeyri-neft sektoru üzrə ixrac həcminə görə ikinci yeri qızıl tutur. 81 milyon ABŞ dolları dəyərində qızıl ixracında 20 faiz artım müşahidə edilir. Üçüncü yerdə isə ilkin formalı polietilen qərarlaşıb. Ümumiyyətlə, bu ilin 8 ayı ərzində 316 milyon ABŞ dolları dəyərində meyvə- tərəvəz ixrac olunub ki, bu da 17 faiz artım deməkdir. Azexport.az portalına müvafiq dövürdə 367 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. “İxrac İcmalı”nda həm də xidmət ixracından əldə olunan vəsait yer alıb. 2018-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə göstərilən peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətlərindən 15,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib. Azərbaycan iqtisadiyatında, eləcə də ixrac emalında sürətli yüksəlişin müşahidə olunması heç də təsadüfi deyil. “Made in Azerbaijan” brendinin dünya bazarında təşviqi istiqamətində atılan addımlar bu nəticəni gözləməyə əsas verir. Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndəlikləri, ticarət evləri açılır və getdikcə bunun coğrafiyası genişlənir. Çində Azərbaycanın “Şərab evi”, Ticarət Nümayəndəliyi, Belarusda Azərbaycan Ticarət evi, Həştərxan Biznes Mərkəzi “Made in Azerbaijan” məsullarının ixracı üçün əlverişli şəraitdir. Bundan başqa, “Made in Azerbaijan” brendinin təşviqi, ixracın və istehsalın stimullaşdırılması, o cümlədən Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə yeni ticarət və şərab evlərinin açılması da nəzərdə tutulur. Məsələn bu il Aktau və Varşava Ticarət evlərinin, Rusiyada isə şərab və çay evlərinin açılışı nəzərdə tutulur. Xarici ölkələrə ixrac missiyaları təşkil olunması, beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin geniş şəbəkədə iştirakı da ticarət dövriyyəsinin artımına müsbət təsirini göstərir. Bütün bunlar isə Prezident İlham Əliyevin apardığı düzgün iqtisadi siyasətin, eləcə də qeyri-neft məhsullarının istehsalı və ixracının, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar üçün yeni bazarların tapılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlərin nəticəsidir.

