Azərbaycan ilə Rusiya elektroenergetika sahəsində əməkdaşlığı müzakirə edib
ARANTV.AZ xəbər verir ki, “Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada başlayan “Rusiya energetika həftəsi” Beynəlxalq Forumunda çərçvəsində belə deyib. Azərbaycanın da təmsil olunduğu forumda bu sahədə əməkdaşlığın genişləndirilməsində dair müzakirələr aparılıb.
Forumun birinci günü dünyanın 30-dan çox ölkəsinin energetika nazirlərinin iştirakı ilə “Yanacaq-energetika kompleksinin səmərəli tənzimlənməsi: ümumi yanaşma və ölkələrin fərqi” mövzusunda sessiya təşkil olundu.Qonaqları salamlayan Rusiya energetika naziri Aleksandr Novak ölkələr arasında energetika sektorunda əməkdaşlıq əlaqələrinin bundan sonra da dərinləşdirilməsinin vacibliyini vurğuladı.
Çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov son illər ölkə iqtisadiyyatının inkişafından danışdı. Dedi ki, 15 il ərzində Azərbaycan iqtisadiyyatında 3,5 dəfə artım qeydə alınıb. Ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya qoyulub ki, bunun da yarısın birbaşa xarici investisiyalar təşkil edir. Azərbaycanda neft və qaz sənayesinə dövlət dəstəyindən danışan nazir diqqətə çatdırdı ki,bu sahəyə 95 milyard investisiya yatırılıb. Ölkədə bərpa olunan enerji mənbələrinin yaradılması barədə məlumat verən Pərviz Şahbazov, 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ümumi həcminin 30 faizə çatacağını vurğuladı.
Azərbaycanın energetika naziri Beynəlxalq Forum çərcivəsində Rusiyanın energetika naziri Aleksandr Novak, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro, Monqolustanın energetika naziri Tserenpiliyin Davusurenlə görüşlər keçirdi. Görüşdə enerji sahəsində qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Forumda iştirak edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə ölkələrimiz arasında bütün sahələrədə müşahidə olunan uğurlu inkişafdan danışdı. Dedi ki, prezidentlərin sonuncu görüşü bir daha göstərdi ki, ölkə liderləri arasında əlaqələr əməkdaşlıq və etimad xarakteri daşıyır.
Forum öz işini plenar iclasla davam etdirdi. Rusiya prezidenti Vladimir Putinin iştirak ilə keçirilən plenar iclasda beynəlxalq əməkdaşlıq potensialının artırılması, habelə yanacaq və enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi müzakirə olundu.

