Cəmiyyət 

“Göygöl Milli Parkı” sənədli filminin nümayişi olub

ARANTV.AZ xəbər verir ki, Bakı Konqres Mərkəzində IDEA-Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin “Göygöl Milli Parkı” sənədli filminin nümayişi olub. “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində çəkilən filmdə məqsəd gənclər arasında Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini nümayiş və təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır. Rejissoru İqor Bışnyov olan ekran əsəri Göygöl Milli Parkının yaradılmasının 90 illiyinə həsr edilib. Sənədli filmdə Azərbaycanın çoxəsrlik mədəniyyətindən də bəhs olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ümumilikdə ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Şirvan, Ağgöl və Abşeron Milli Parkına həsr edilən sənədli filmləri Bakı Konqres Mərkəzində mütəmadi nümayiş olunacaq. Bu barədə ətraflı məlumat IDEA İctimai Birliyinin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək. Tədbirdə “Göygöl Milli Parkı” filminin rejissorunun çəkilişlər zamanı lentə aldığı fotolar da nümayiş olunub.

 

Daha çox xəbərlər