Koronaviruslu xəstələri müalicə edən həkimlər VİDEO
2020-ci il ən çox koronavirus, pandemiya kəlmələri ilə yanaşı, həm də həkimlərlə yaddaşımıza yazılır.
Baku.Tv xəbər verir ki, bəlkə də, yaranan vəziyyət ağ xalatlıları sevməyənlər üçün bir fürsət oldu. Çoxunun qəhrəmanına çevrilən bu şəxslər bu gün “Azərbaycanda itkilər azdı” deməyimizin səbəbkarlarıdır.
Leyla Əliyeva da görünməyən qəhrəmanlardandır. Pandemiyanın ən pik həddinin yaşandığı zaman Azərbaycanın qərb bölgəsinə ezam olunmuş həkim deyir ki, Goranboy rayonuna yola düşəndə çox həyəcanlı olub, nə ilə qarşılaşacağını bilməyib. Yoluxanların sayı isə isə durmadan artırdı:
“Biz gedəndə ən çox xəstə sayı Goranboy rayonunda idi. Ora gedəndə 130-a yaxın xəstə var idi. Yoxulanların çoxunu qadınlar təşkil edirdi. Düzdür, təəssüflər olsun ki, itirdiyimiz xəstələr də oldu. Ancaq getdiyimiz vaxtdan bir həftə sonra xəstələrin sayı azalaraq 60-a çatdı. Ağır xəstələri Bakıya göndərirdik. Koronavirusa inanmayanların çoxu isə Gəncə şəhərində olanlar idi”.
Aprelin 14-də İzmirdən ölkəmizə gətirilən azərbaycanlı həkim Cəbrayıl Cəbrayılov əvvəlcə Bakının 4 xəstəxanasında koronaviruslu xəstələri müalicə edib. Daha sonra isə digər bölgələrə göndərilib. Yerli qonağımız Azərbaycan səhiyyəsinin qısa müddətdə çox şeyi bacardığını qeyd edib:
“Gələr-gəlməz Bakıdakı 4 xəstəxanada çalışdıq. Buradakı həkimlərlə təkmilləşdirilməli olan tərəfləri müzakirə etdik və qərarlar aldıq”.
Haqqında danışdığımız həkimlər bir ay əvvəl Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə “REACT-C19” layihəsi çərçivəsində ölkəyə dəvət olunub. Onlar dövlət xətti ilə oxuyub və bu gün ölkəyə dönüb təcrübələrini bölüşürlər.
Bu günə qədər səkkiz xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edib. Heyət iyun ayının sonunadək Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirəcək.

