Azərbaycan fəzanın öyrənilməsi sahəsində yüksək standartlar tətbiq edir
ARANTV.AZ xəbər verir ki, “Azərbaycan fəzanın öyrənilməsi sahəsində yüksək standartlar tətbiq edir. Kosmik dövlətə çevrilən Azərbaycanda bu sahədə yerli kadrların hazırlanması da prioritet istiqamətlərəndir”. Bu barədə Bakıda keçirilən “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb-seminarda danışılıb.
“Azərbaycan peyklərin orbitə çıxarılması ölkənin yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcəyini deməyə əsas verir. Son 5 il ərzində “Azerspace-1” telekommunikasiya peyki, “Azersky” müşahidə peykindən sonra sayca üçüncü peyk “Azərspace-2” orbitə göndərildi. Bu Azərbaycanın çox böyük uğurudur və dunya üçün də faydalıdır”. Bu barədə Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramının icraçı direktoru Nat Qopalsvami Bakıda keçirilən “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb-seminarda bildirdi. O, Azərbaycanın NASA ilə əməkdaşlıq edən 80 ölkədən biri olduğunu qeyd etdi.
Prezident yanında Elmin İnkişafı Fondu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və BMT-nin Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitəsinin birgə təşkilatçılığı ilə baş tutun seminarda 22 ölkədən mütəxəssislər iştirak edirlər. Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirdi ki, oktyabrın 13-dək davam edəcək tədbirin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməkdir. Seminarın sonunda dinləyiçilərə sertifikatlar veriləcək.
Azərbaycanda bu gün bütün sahələrdə sürətli inkişaf müşahidə edilməkdədir. Bu barədə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirdi. Onun sözlərinə görə, innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr məkanı kimi Azərbaycan dünyada nüfuz qazanıb. Telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması ölkəmizi regionda informasiyanın ötürülməsi sahəsində də lider dövlətə çevirib. Azərbaycanda aerokosmik sənaye yaradılıb. Bu sahənin inkişafı 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamından sonra başlayıb. 2010-cu ildə isə dövlət başçısı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzalayıb. Beləliklə, “Azərkosmos” Azərbaycanda və Qafqazda ilk peyk operatoru kimi fəaliyyət göstərir. Bu sahədə milli kadrların hazırlanması sahəsində xüsusi layihələr həyata keçirilir.

