Bəzi qanunlara dəyişikliklər olunur
ARANTV.AZ xəbər verir ki, Azərbaycanda daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiqləyən ipoteka kağızının qeydiyyatı və dövriyyəsinin elektronlaşdırılması ilə bağlı “İpoteka haqqında” qanuna dəyişiklik edilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında digər qanunlara da təklif olunan dəyişikliklərə baxılıb və məqbul sayılıb.
“Banklar haqqında” qanuna və Mülki Məcəlləyə dəyişikliklər edilir. Dəyişikliyə əsasən, Azərbaycanda bankların Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 4 ildən 3 ilə endirilir. Müşahidə Şurası üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və yaxud kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək. Digər dəyişikliklə isə bankların İdarə Heyəti üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin olunacaq. Hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir. Banklarda Müşahidə Şurasının səlahiyyətləri də artırılır. Dəyişikliyə görə, Audit Komitəsinin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, şura tərəfindən təyin olunacaq. Həmçinin şura Bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiqləmək imkanı da əldə edəcək.
Azərbaycanda daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiqləyən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektronlaşdırılması ilə bağlı isə “İpoteka haqqında” qanuna dəyişiklik edilir. Sənəd dövlət başçısnın “Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanının 9.2-i bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədi ilə hazırlanıb. Qeyd olundu ki, ipoteka kreditinin verilməsi ilə bağlı proseslər tam elektronlaşdırılıb. “Lotereyalar haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən isə lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilir. Lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin sahibidir. İclasda Vergi, Gömrük, Məcllərinə, eləcə də “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna təklif olunan dəyişikliklər də ikinci oxunuşda müzakirə olundu və məqbul sayıldı.

