Özünüzü ertələməyin…
Həyatla mübarizə apararkən, bir yerlərə, bir kəslərə çatmağa çalışarkən, bir şeyləri əldə etmək üçün çırpınarkən özümüzdən nə çox şey itiririk, əslində.
Bütün bu izdihamın, qarmaqarışıqlığın içində heç düşünürsünüzmü ki, nə zaman özümə qayğı göstərdim? Nə zaman özümlə doya-doya söhbətləşdim? Nə zaman özümü əzizlədim? Nə zaman özümü sığdırdığım qəlibi kənara tullayıb özümlə özüm oldum? Heç düşünürsünüzmü, özünüzü nə qədər qayğıdan kənarda saxlamısınız?
Biz nələrinsə arxasınca qaçarkən özümüzü geridə buraxdığımızın fərqinə varmırıq.
Qaçmaqdan yorulub dizlərimizdə macal qalmayanda görürük ki, arxada bizdən bir az sevgi , bir az qayğı, bir az “vaxt” gözləyən qolu-qanadı sınmış bir “mən” qalıb. Ömrümüz boyunca bu dünyada ətrafımızda başqalarının yaratdığı tələblərə uyğunlaşmağa, onların gözləntilərinə cavab verməyə çalışarkən on addım o tərəfdə kimi qoyub getdiyimizi elə unuduruq ki… İçimizdə ucsuz-bucaqsız, qulaq batıran bir səssizlik yaranır…
İnsan başqalarından öncə özü üçün yaşamalıdır. Yox, yox, bu eqoizm deyil, əsla. Biz həyatımızın müxtəlif mərhələlərində özümüzü kim üçünsə və ya nə üçünsə fəda edəndə, özümüzdən uzaqlaşanda o an üçün yaxşı bir şey etdiyimizi düşünsək də, uçurumu yaratmağa o andan başlayırıq. Özü ilə söhbətləşməyib özünə qayğı göstərməyən insan başqasına nə sağlam sevgi, nə də sağlam qayğı verə bilər. Ruhu zədələnmiş, xəstələnmiş biri necə bir başqasının ruhuna məlhəm ola bilər ki? Özümüzü sevməsək, qarşımızdakını incitmədən, “yarımçıqlıq” hissi yaşatmadan necə sevə bilərik ki? Özünü hardasa dərinlikdə unudan, sevgidən, qayğıdan kənarda saxlayan hər kəs şikəst bir gələcək, budaqları sınıq-salxaq bir ağacdır.
Ona görə, elə indi, bu dəqiqə oxşayın əllərinizi, sarıyın ruhunuzun, “özünüzün” közündən qanayan yaralarını. Qucaqlayın, sevin. Çatışmazlıqlarınızı, yaralarınızı sevin. Özünüzlə doyunca dərdləşin.
Həyatda ertələnəcək o qədər şey var ikən ertələdiyiniz ilk və tək şey özünüz olmayın…
Dünya siz istəsəniz də, istəməsəniz də fırlanır və olacaqlara siz nəzarət etmirsiniz. Sizin bu dünyaya qatmalı olduğunuz şey özündə bütün gözəllikləri var edən SEVGİdir. Özünüzü sevməklə başlayın buna. Onda sevginiz şikəstlikdən qurutulacaq, qaçacağınız yerlər siz qaçqdıqca sizdən qaçmaq əvəzinə sizə doğru gələcək….
Ona görə, elə indi qucaqlayın özünüzü, oxşayın əllərinizi… Şikəst qalmayın, şikəst etməyin…

