Sosial 

Tibbi maskalardan istifadə etməsək…

Bu gün qətiyyətlə demək olar ki, koronavirus pandemiyasının yayılmağa başladığı ilk gündən Azərbaycan dövləti, hökuməti çox uğurlu qabaqlayıcı addımlar atdı, xüsusi karantin rejimi tətbiq etdi. İzolyasiya tədbirləri gücləndirildi, bütün dövlət qurumları ziyandan minimum hesabla çıxmaq üçün səfərbər edildi və bu tədbirlərin də kifayət qədər müsbət effekti oldu.

Həm virusa yoluxma sayı, həm də ölüm sayında bu fərqi aydın şəkildə görmək mümkün idi. Lakin o da reallıqdır ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb. Əlbəttə ki, yoluxmaların artımı insanlarımızın həyatını təhlükə qarşısında qoyur, eyni zamanda, sərt karantin rejiminin tətbiq edilməsini zərurətə çevirir. Bu baxımdan yoluxmaların qarşısının alınması üçün insanlar tibbi maskalardan istifadə etməli, zərurət olmadıqda evdən çıxmamalı, sosial izolyasiya tədbirlərinə əməl etməlidirlər. Hər kəsin tibbi maskadan istifadə etməsi virusun yoluxma ehtimalını dəfələrlə azaldır. Mütəxəssislər bu fikirdədirlər ki, hər kəs tibbi maskadan istifadə etsə, virusun yoluxma ehtimalı 5 faizə qədər olur. Məhz buna görə də, vətəndaşlarımız özlərini və yaxınlarını bu ümumbəşəri bəladan qorumaq və pandemiyanın ölkəmizdə daha tez bitməsi üçün bu qaydalara ciddi şəkildə riayət etməlidirlər. Nəzərə almaq lazımdır ki, bu xəstəlik bəzən hansısa şəxslərdə simptomsuz müşahidə edilir, yəni bizim kənardan sağlam gördüyümüz insanlar əslində, real koronavirus daşıyıcısı ola bilərlər. Məhz belə məsuliyyətsiz şəxslər maska taxmadıqda və ya ondan düzgün istifadə etmədikdə virusun ətrafa yayılma riski dəfələrlə artır.

Artıq ölkədə tibbi maska əldə etmək problemi də yoxdur. Çünki Azərbaycanda qısa müddətdə tibbi maska istehsal edən müəssisə istifadəyə verilib. Bir sözlə, koronavirusdan qorunmanın hər üç prinsipi – tibbi maskadan istifadə, şəxsi gigiyena və sosial məsafə hamı üçün əlçatandır.

Bu gün açıq etiraf etmək lazımdır ki, vətəndaş məsuliyyətsizliyi, insanlarımızın virus başa çatmış, təhlükə aradan qalxmış kimi davranaraq heç nəyə məhəl qoymaması, qoruyucu maskalardan istifadə etməməsi dövlət başçısını da ciddi şəkildə narahat edən məsələlərdəndir. Prezident İlham Əliyev dəfələrlə bununla bağlı xalqa müraciət edib, bizləri sosial məsafəni gözləməyə, tibbi maskadan istifadə etməyə çağırıb. Əgər biz bugünkü duruma düşməyimizi istəmirdiksə, elə dövlət başçısının ilk müraciətindən nəticə çıxarmalı idik. Çünki sağlamlığımızı qorumaq, həyatımızı risk altına atmamaq və koronavirus bəlasını ölkəmizdən uzaqlaşdırmaq üçün hər şey öz əlimizdədir. Ya məsuliyyətli davranıb qoruyucu maskalardan istifadə etməli, özümüzlə bərabər ətrafdakı insanları da xilas etməli, ya da məsuliyyətsizlik davranıb virusa yoluxma sayıının və ölüm hallarının artmasına rəvac verməliyik. Bir sözlə seçim bizimdir.

Nigar Orucova,

“İki sahil”

Daha çox xəbərlər