Sosial 

Azərbaycanda yeni Media Hərəkatı yaradıldı

“Koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, düşdüyümüz durumun ciddiliyinin vətəndaşlarımız tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün biz media təmsilçiləri və jurnalistlər “Özünü qoru, çevrəni xilas et” adlı Media Hərəkatında birləşdik”.

ARANTV.AZ-ın məlumatına görə, bunu jurnalist İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, məqsəd evlərə bədbəxtlik gəlməsinə yol verməmək, dostları, ətrafını virusdan qorumaq və xilas etməkdir:

“Bu gündən Media Hərəkatına qoşulmuş bizlər, virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəyik. Müraciətimiz yaxınlarımıza, dostlarımıza və bütün xalqımızadır.

Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin! Çətin də olsa, həyatınız, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə qoyulan tələblərə ciddi riayət edin!

Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq! Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın.

Bir daha vətəndaşlarımızı rastlaşdığımız bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq bu xəstəlik daha da uzun çəkəcək.

Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk!

İradə İbrahimova Aynur Camal, Rəşad Məcid, Vüqar Rəhimzadə, Emin Musəvi, Nurşən Quliyev, Ləman Ələşrəfqızı, Mehriban Məmmədova, Murad Əliyev, Elçin Zahiroğlu, Əfqan Qafarlı, Mahir Məmmədli, Həbibə Abdulla, Elnur Məhərrəmli, Gülşən Raufqızı, Namidə Bingöl, Səmayə Məmmədova, Elnur Kələntərov, Günay Malikqızı, Leyla Abdullayeva, Günay Yelmarqizi, Azər Qismət, Ramina Eyvazqızı, Səbuhi Qafarov, Əlişir Əhəd, Mais Ağayev, Vüqar Hüseynov, Rəvanə Əliyeva, Samir Əli, Anar Nəcəfli, Ayaz Mirzayev, Mehman Mehdiyev. Bütün həmkarlarımı bu hərəkata qoşulmağa çağırıram!”- deyə İ. İbrahimova bildirib.

Qeyd edək ki, hərəkata artıq 40-a yaxın tanınmış jurnalist qoşulub. Oxu.Az

Daha çox xəbərlər