Bakıda “Avrasiya” Koordinasiya Şurasının 35-ci müşavirəsi keçirilir
ARANTV.AZ xəbər verir ki, bu ilin doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu təxminən 3,5 milyon sərnişinə xidmət göstərib. Yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin sonunadək hava limanının sərnişin dövriyyəsini ildə 7 milyon nəfərədək artırmaq qarşıya məqsəd qoyulub. MDB ölkələrinin milli aeronaviqasiya xidməti provayderlərini birləşdirən “Avrasiya” Koordinasiya Şurasının 35-ci müşavirəsində bu barədə məlumat verilib.
“Avrasiya” Koordinasiya Şurasının 35-ci müşavirəsində 15 ölkədən 90 nəfər, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistanın milli aeronaviqasiya xidməti provayderlərinin baş direktorları, həmçinin müxtəlif beynəlxalq aviasiya təşkilatlarının nümayəndələri iştirak edirdi. Toplantıda Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov vurğuladı ki, son illər Prezident İlham Əliyevin diqqəti sayəsində mülki aviasiya sferası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu “Skytrax” mükafatlarına layiq görülüb. Bu ilin mayında isə Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə görə hava limanınlarının auditi sahəsində ən nüfuzlu “Skytrax World Airport Awards”un maksimal “5 Ulduz” statusuna layiq görülüb. İndiyədək dünya üzrə cəmi 8 hava limanının sahib olduğu nüfuzlu “5 ulduz”da Heydər Əliyev Beynəlxalq Aeroportunun yer alıb. Dövlət başçısının aviabiletlərin qiymətinin aşağı salınması ilə bağlı verdiyi müvafiq tapşırığa əsasən, Azərbaycan Hava Yolları QSC-nin nəzdində “Buta Airways” lou-kosterinin yaradılması da ölkəmizə turist axının artmasında mühüm rol oynayır. Hazırda “Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirir. Cahangir Əsgərov dedi ki, yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin sonunadək Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsini ildə 7 milyon nəfərədək artırmaq qarşıya məqsəd qoyulub. Bu ilin doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu təxminən 3,5 milyon sərnişinə xidmət göstərib. Bu isə regiondakı digər aeroportların göstəricilərindən çoxdur. Hazırda Azərbaycan üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. O da diqqətə çatırıldı ki, “Silk Way” yük aviadaşıyıcısının təyyarə parkının yeni “Boeing 777-F” təyyarələri ilə genişləndirilməsi üzrə danışıqlar aparılır. Heydər Əliyev Beynəlxalq Aeroportunda ildə 500 min tona qədər buraxılış qabiliyyəti olan iri yük terminalarından biri fəaliyyət göstərir. “Baku Cargo Terminal”ın yük dövriyyəsi bu il üçün təxminən 250 min ton həcmində müəyyənləşib. Növbəti ildən aviaşirkətin donanmasına yeni nəsil “Boeing 737 MAX” təyyarələrinin əlavə olunmasına başlanılacaq. “Avrasiya” Koordinasiya Şurasının 35-ci müşavirəsində şuranın sədri-“Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyası”nın baş direktoru İqor Moiseenko və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru Fərhan Quliyev məruzə ilə çıxış etdilər.
Müşavirədə “Avrasiya” üzv dövlətlərinin milli aeronaviqasiya xidməti provayderlərinin nümayəndələrinin MDB dövlətlərinin aeronaviqasiya sistemlərinin vəziyyəti və inkişaf planlarına dair məruzələri dinlənildi. İclasda İCAO, İATA və Dövlətlərarası Aviasiya Komitəsi kimi beynəlxalq aviasiya təşkilatlarının nümayəndələrinin çıxışları da oldu.

