Siyasət 

Almaniya hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir”

ARANTV.AZ xəbər verir ki, Azərbaycan dövlətinin uğurlu və qətiyyətli siyasi iradəsi hesabına beynəlxalq müstəvidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə münasibət dəyişir.  ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrdən biri – Almaniya hökumətinin problemi Azərbaycan ərazilərinin işğalı kontekstində qiymətləndirməsi deyilənləri təsdiq edir.

Almaniya mediasının yazdığına görə, ölkənin qanunverici orqanı-Bundestaqda təmsil olunan sağçı radikal AfD fraksiyası Almaniya Federativ Respublikası hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib. Sorğuda digər məsələlərlə yanaşı, həmçinin Dağlıq Qarabağa dair bəzi suallar da yer alıb. Hökumətin sözügedən sorğuya cavabı isə böyük diqqət çəkib. Sorğunun girişində qeyd olunur: “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə Almaniya Federativ Respublikası və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. Hökumət qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır.”

Mütəxəssislər Almaniyanın qanunverici orqanında təmsil olunan fraksiyanın sorğusuna cavab olaraq ortaya qoyulan mövqenin Azərbaycanın maraqlarına tam uyğun gəldiyini bildirirlər. Avropanın nəhəng siyasi və iqtisadi gücünə çevrilən, Minsk qrupunda da təmsil olunan bir dövlətin Dağlıq Qarabağ münaqişəsinə Ermənistanın bütün arqumentlərini heçə endirən tərzdə yanaşması gələcək danışıqlarda rəsmi Bakıya diplomatik üstünlüyü təmin etməklə bərabər problemin ədalətli həlli variantının dəstəklənməsinə, status-kvonun dəyişdirilməsinə və substantiv danışıqların aparılmasına təkan verə bilər.

Onu da əlavə edək ki, Almaniya hökuməti sorğunun müvafiq bəndlərinə, yəni,  Dağlıq Qarabağda insan hüquqları, mətbuat azadlığı, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və digər məsələlərə dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib. Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib. Bu bəyanat vaxtilə alman Bundestaqında Azərbaycanla bağlı demokratiya, insan haqları və digər məsələlər ətrafında manipulyativ gedişlər edən fraksiyalar üçün xəbərdarlıq da sayıla bilər. Ekspertlər qeyd edirlər ki, rəsmi Berlinin Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq normaları çərçivəsində yanaşması, şübhəsiz, digər ölkələr və hökumətlər üçün presedentə çevriləcək.

Ümumiyyətlə, son illər Azərbaycan və Almaniya arasında münasibətlərin bütün istiqamətlər üzrə dərinləşməsi Bakı-Berlin əlaqələrinin Dağlıq Qarabağ mövzusunda da yaxınlaşmasına kömək edir. Bu meyl avqustun 25-də respublikamıza səfər edən Almaniyanın federal kansleri Angela Merkelin bəyanatlarında da özünü göstərdi. Xanım Merkel Prezident İlham Əliyevlə birgə mətbuat konfransında bildirdi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və rəsmi Berlin buna Minsk qrupu çərçivəsində öz töhfəsini verir. “Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər”-deyən kansler regionda təhlükəsizliyin təminində sözügedən münaqişənin tənzimlənməsinin ciddi rol oynayayacağını vurğulayıb. Qeyd edək ki, Almaniya Avropa İttifaqı üzrə Azərbaycanın vacib tərəfdaşlarından biridir və bu gün ölkəmizdə 150-dək alman müəssisəsi fəaliyyət göstərir. Almaniya hökuməti Azərbaycanın Avropanın enerji təminatının şaxələndirilməsindəki rolunu da yüksək qiymətləndirir.

Daha çox xəbərlər