Hadisə 

Mingəçevirdə ev sahibinə hücum edən şəxslər ələ keçdi – YENİLƏNİB + FOTO/VİDEO

Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və küt alətlə qadına xəsarət yetirib qaçması barədə Şəhər Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Amil Mehdiyev saxlanılıb.

Araşdırma zamanı A.Mehdiyevin Goranboy rayon sakini Orxan Mehdiyevlə qabaqcadan əlbir olaraq, ev sahibinə məxsus pulu ələ keçirmək məqsədilə həmin cinayət əməlini törətdikləri müəyyən edilib. O.Mehdiyev də şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

09:47

Mingəçevirdə naməlum şəxs mənzilə daxil olaraq ev sahibinə xəsarət yetirib.

ARANTV.AZ  xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrinin birində qeydə alınıb.

Belə ki, özünü yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edən şəxs mətbəxdə əyləşərək onlardan sənəd gətirmələrini tələb edib. Daha sonra o, ev sahibindən su istəyib. Bu zaman həmin şəxs ayağa qalxaraq yaşlı kişiyə bıçaq çəkib. Gözləri önündə həyat yoldaşının hücuma məruz qaldığını görən 67 yaşlı Südabə Musayeva qışqıraraq qonşulardan kömək istəyib.

Bunu görən həmin şəxs isə onu stulla vuraraq evdən qaçıb. Ev sahibi və xanımına tibbi yardım göstərilib. Hadisə ilə bağlı polis şöbəsinə məlumat verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Baku TV

Daha çox xəbərlər