Avstraliyada son bir neçə həftədə koronavirusdan ilk ölüm halı qeydə alınıb
Avstraliyada son bir neçə həftədə koronavirusa yoluxmadan ilk ölüm halı qeydə alınıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, həyatını itirən 80 yaşlı kişi Viktoriya ştatının sakini olub. Bununla da həmin ştatda koronavirusdan ölənlərin ümumi sayı 20-yə çatıb.
Xatırladaq ki, iyunun ortalarında Avstraliyanın Baş Naziri Skott Morrison ölkədə koronavirus pandemiyasına görə tətbiq edilən bir sıra məhdudiyyətləri ləğv edib. Hakimiyyət orqanları ümumi tutumu 40 min tamaşaçı olan açıq meydançalarda izləyicilərin 25 faizdən çox olmaması şərti ilə mədəni və idman tədbirlərinin təşkilinə icazə verib. Bununla yanaşı, oturacaqları olmayan yerlərdə musiqi festivallarının təşkilinə qadağa hələ davam edir.
Son məlumatlara görə, Avstraliyada COVID-19-a yoluxanların ümumi sayı 7 min 492 nəfərdir. Onlardan 6,9 minin sağaldığı, 103 nəfərin isə həyatını itirdiyi bildirilir.

