Məsuliyyətli olaq ki, sağlam qalaq…
Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə iyunun 21-dən iyulun 5-nə kimi yenidən ciddi karantin rejiminin tətbiq olunduğu bildirildi. Qərargahın məsul şəxsləri tərəfindən karantin rejiminin qaydaları açıqlandı, ictimaiyyəti maraqlandıran suallara aydınlıq gətirildi. Yoluxma hallarının artması səbəbi ilə 2 həftəlik ciddi karantin rejiminə keçildi. Bu qərar Operativ Qərargahın bəzi insanların məsuliyyətsiz davranışları nəticəsində ölkə əhalisinin sağlamlığını qorumaq üçün qəbul etdiyi ən zəruri qərar oldu. Çünki bəzi insanlar nə xəstəliyi, nə sosial məsuliyyətlərini nə də yoluxa və yoluxdura biləcəklərini anlamaq istəmirlər. Sərt karantin rejimi olmasa, yoluxma halları 2 qat, 3 qat arta bilər.
Təəssüf ki, ötən hər gün ölkəmizdə COVID-19-a yoluxanların sayı, itkilər artmaqdadır. Anlamaq istəmirik ki, bu virus yaxınımızda ola bilər və biz hər an yoluxa bilərik. Bu qədər yoluxma sayına, itkilərə, görülən tədbirlərə baxmayaraq hələ də xəstəliyi, onun ciddiliyini qəbul etməyən insanlar var. Özünü narahat, halsız hiss etsə də testdən keçməyən, həkimə müraciət etməkdən boyun qaçırıb vəziyyətini gizlətməyə çalışan və bununla da sağlam olan insanları da yoluxdura biləcəyi ehtimalını dərk etməyən insanlar mövcuddur. Öz sosial məsuliyyətini dərk etmək, maskadan istifadə etmək çoxmu çətindir? Biz bununla həm özümüzü həm də eyni zamanda ətrafımızdakıları, sevdiklərimizi qorumuş olarıq.
Pandemiya başlayandan indiyədək bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusun yaratdığı təhlükəyə qarşı hərtərəfli mübarizə aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargah martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan etdi. Dövlət başçısı tərəfindən pandemiyanın mənfi nəticələrinin azaldılması üçün bir sıra tədbirlərin görülməsi üçün Fərman imzalandı. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qısa müddət ərzində koronaviruslu xəstələrin müalicəsi üçün xəstəxanalar inşa edilib təhvil verildi. Xəstəxanalar virusun müalicəsi üçün lazım olan tibbi avadanlıqlarla təchiz olundu. Maska və digər qoruyucu vasitələrin əhalinin ehtiyacını ödəyəcək miqdarda istehsalı üçün yeni müəssisələr işə salındı.
Görülən tədbirlərin müsbət nəticə verməsi və sağalanların sayının yoluxanların sayını üstələməsi karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına səbəb oldu. Lakin yenə insanların çoxu ictimai nəqliyyatda, sıxlıq olan və qapalı yerlərdə maska taxmamağa, sosial məsafə prinsipinə laqeyd yanaşmağa başladılar. Bunun nəticəsində yoluxma həddinin artdığını görən ölkə başçısı və aidiyyəti qurumlar iyunun 4-dən karantin rejiminin sərtləşdiriləcəyini ölkə əhalisinə bildirdilər. Sonrakı həftələrdə yoluxma sayı və ölüm halları nəzərə alınaraq həftə sonları, şənbə və bazar günləri karantin rejimi daha da sərtləşdirilərək yaşayış yerini tərk etmək tamamilə məhdudlaşdırıldı.
Beləliklə, məsuliyyətsizliyimiz qaydaların yenidən və çox sərtləşdirilməsinə, cərimələrin artırılmasına, SMS-lə icazə sisteminin yenidən qüvvəyə minməsinə zərurət yaratdı. Bu gün insanlardan tələb olunan hər bir kəsi, ən yaxınını, hətta ən doğmasını belə potensial xəstə kimi qəbul edib özünü də, ətrafındakı insanları da bu virusdan qorumasıdır. Hamı başa düşməlidir ki, ictimai nəqliyyatda, dayanacaqlarda və insanların sıx olduğu digər yerlərdə maskadan düzgün istifadə öncə özünü virusdan qorumaqdır. Kimliyindən, tutduğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq, hər bir kəs bəhanələri, “inanmıram, yalandır” kimi mənasız fikirləri bir qırağa qoyub, tibbi maskalardan və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlidir.
Maska taxaraq, sosial məsafəni qoruyaraq və gigiyenik tələblərə əməl edərək qorunub daha az itkilər və yoluxma halları ilə bu bəladan xilas olmaq üçün dövlətimizə və xüsusilə də fədakar həlimlərimizə dəstək olaq. Çünki 1 nəfər 100 nəfəri yoluxdura bilər. Qaydalara əməl edək, həm özümüzü, həm də cəmiyyəti qoruyaq.
Röya Rasimqızı,
“İki sahil”

