Sosial 

Tibbi maskadan istifadə yoluxmanı əhəmiyyətli dərəcədə azaldır

Altı ay öncə Çində aşkarlanaraq sürətlə dünyaya yayılan karonavirusla (COVID-19) bağlı hər ölkədə olduğu kimi, Azərbaycanda da ciddi profilaktik tədbirlər həyata keçirilməkdədir. İlkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah bir müddət əvvəl ümumtəhsil müəssisələrində tətil elan etdi, həmçinin sərhəd keçid məntəqələri, hava limanınları, meqa alış-veriş və əyləncə mərkəzləri bağlandı, bir çox özəl və dövlət müəssisələri, iaşə obyektlərində iş vaxtı və işçilərin sayı məhdüdlaşdırıldı və sair. Lakin buna baxmayaraq virus ölkəyə daxil olmuşdu və artıq sərhədlərin daxilindən yayılırdı. Qarşısının alınması çox müşkül məsələ olan virusun yayılmasını minumuma endirmək üçün daha sərt tədbirlərin alınması qərarı verildi və ölkədə karantin, daha sonra isə ciddi karantin rejimi elan olundu. Bütün bunlara baxmayaraq virus hələ də yayılmaqda davam edir.

Şübhəsiz ki, yoluxma hallarının qarşısını almaq üçün dövlət bütün mümkün tədbirləri həyata keçirdi və proses hazırda da ən ciddi şəkildə davam edir. Lakin belə bir bəlaya qalib qəlmək üçün dövlətlə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalı, hər kəs özü-özünü dezinfeksiya etməli, qayda və qanunlara əməl etməlidir.

Təəssüflə qeyd etməliyik ki, dövlətin bütün çağırış və hər gün daha da sərtləşən tədbirlərinə baxmayaraq vətəndaşlar bu məsələyə ciddi yanaşmır, nə dezinfeksiyaedici tədbirlər görür, nə qapalı və insanların cəm olduğu yerlərdə sosial məsafə saxlayır, nə də ki, tibbi maskadan istifadə edirlər. Halbuki, anlamaq lazımdır ki, əllərin tez-tez tibbi sipirtlə dezinfeksiya edilməsi, sabunla yuyulması və tibbi maskadan istifadə yoluxmanı əhəmiyyətli dərəcədə azalda bilir.

Nazirlər Kabineti yanında Operativ Qərargah dəfələrlə keçirdiyi birifinq və marifləndirici tədbirlərdə israrla qeyd edir ki, qaydalara riayət olunmaması yoluxma hallarını artırır və belə olan halda karantin müddəti daha da uzadılır. Həqiqətən də bu gün Bakının küçə və prospektlərində, ictimai nəqliyyatda, market və digər qapalı məkanlarda onlarla maskasız vətəndaşlarımız var. Hətta bir çoxları maska ilə nəfəs yollarını örtmək əvəzinə, alt çənə hissəsini örtürlər. Elələri də olur ki, maskanı qolunda, cibində və ya qulağından asılmış vəziyyətdə saxlayır. Dövlət isə bildirir ki, belə hallara heç bir halda yol verilməməlidir. Müəyyən insanlar da var ki, onlar maskadan istifadə etsələr də bu, təlimata uyğun deyil. Təbii olaraq maskanın təlimata uyğun şəkildə istifadə edilməməsi yoluxmaya maneə yarada bilmir.

Məbuatda tibbi maskanın təlimatına aid mütəmadi olaraq məlumatlar yerləşdirilir. Operativ Qərargah və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) təlimatında bildirilir ki, maska qatlı hissəsi çöl tərəfdə qalaraq üst tərəfindəki metal lent burun üzərinə gətirilərək taxılmalıdır. Üst tərəfindəki metal lent burun üzərinə yüngülcə basılaraq yerləşdirilməli, maska burun, ağız və çənəni tamamilə örtməlidir. Məhz belə olan halda kənarlardan hava keçmir. Maska burun, ağız və çənəni tam örtən, daha çox çirklənən ön hissəsinə toxunulmadan çıxarılmalıdır. Rezinlidirsə qulaq arxasındakı rezinlərdən tutaraq çıxarılmalıdır. İplidirsə əvvəl ənsə hissəsindəki alt iplər, sonra arxasındakı üst iplər çıxarılmalıdır. Çıxarılan maska rezinlərindən və ya iplərindən tutularaq tullantı qabına atılmalıdır.

Taleh Bağırov,

“İki sahil”

Daha çox xəbərlər