Gündəm 

Azərbaycanda turizmin bərpasına kömək edə biləcək bütün amillər mövcuddur

Ölkə Prezidenti İlham Əliyev ilə  Ümumdünya Turizm Təşkilatının Baş katibi  arasında keçirilən  videokonfransda bir daha qeyd edilmişdir ki,  turizm pandemiya  şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir

Koronavirus pandemiyasının hər bir ölkənin iqtisadiyyatına vurduğu ziyanlar inkaredilməzdir.  İnsanların sağlamlığına böyük zərbə vuran koronavirus iqtisadiyyatın bütün sahələrini iflic vəziyyətinə qoydu. Nəzərə alsaq ki, turizm sektoru ölkələrin iqtisadi inkişafında, maliyyə imkanlarının artmasında əhəmiyyətli sahədə, hazırkı dövrdə  sərhədlərinin bağlanması şəraitində turizmin inkişafından danışmaq mümkünsüzdür. Dövlətimizin başçısı İlham Əliyev ilə  Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili  arasında keçirilən videokonfransda da  bu kimi məqamlara xüsusi diqqət yönəldilmişdi.

Azərbaycanda bu sahədə mövcud imkanlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev əsas diqqəti pandemiyadan əvvəlki dövrün satistikasına yönəltmişdir: «Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlı idi. Birinci yürüş keçiriləndən dərhal sonra turizmin artmasını gördük. Dediyim kimi, hər il bu potensial artır və müxtəlif məlumatlara görə əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Yəni, bu, bizim iqtisadiyyata böyük valyuta axını deməkdir. Buna görə də turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf etmişik və otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Bunu nəzərə alaraq, əlbəttə, biz bu sahəni itirə bilmərik. Biz kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamalıyıq. Buna görə dövlət bu sahəni dəstəkləyəcək.»

Paytaxt və bölgələrimizdə  turist axınının  inkişafına geniş imkanlar açan böyük potensial mövcuddur. Nəzərə alsaq ki, paytaxt Bakımız qədimliyin və müasirliyin sintezini yaradır, bu, ölkəmizə ayaq basan hər bir xarici qonaqda böyük xoş ovqat yaradır. İnsanlarımızın qonaqpərvərliyi, təbiətimizin gözəlliyi,  istirahət məkanlarımızın çoxluğu,  xarici qonaqlarımızın rahatlığının təminatı üçün otellərimizin  saysız-hesabsızlığı, ən əsası Azərbaycanın dünyada sabitlik adası kimi imic qazanmasıdır. Azərbaycanın gözəlliklərindən heyranlıqlarını gizlətməkdə çətinlik çəkən qonaqlarımız bildirirlər ki, ölkəmizin iqtisadi inkişafı möcüzədir. Hər bir guşədə quruculuq-abalıq işləri gniş vüsət alıb.

Lakin bu gün bütün ölkələr turist  problemini yaşayır. Sərhədlərin bağlığılığı, hər bir ölkənin daxilində yaranmış çətinlikləri aradan qaldırmaq üçün səylər göstərməsi bu məqamı  bir qədər arxa plana keçirir. Dövlətimizin başçısı qeyd olunan videokonfransda  tezliklə bu bəlanın aradan qalxacağına böyük  inamını ifadə edərək, postpandemiya dövründə  əməkdaşlığın hansı istiqamətlər üzrə inkişaf etdirilməsinin, Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə böyük ehtiyacın olacağını diqqətə çatdırmışdır. «Pandemiya zəiflədikcə sərhədlər açılacaq, turizm sektorunun bərpası ilə bağlı lazımi tədbirlər görüləcək» söyləyən ölkə Prezidenti bildirmişdir ki, Azərbaycanda turizmin bərpasına kömək edə biləcək bütün amillər mövcuddur.

Ölkəmizin malik olduğu  turizm potensialının genişləndirilməsinə yönələn addımlara diqqət yetirək. Bu məqamı xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi  «Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji yol xəritəsi» nəzərdə tutulmuş müddətlər ərzində turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksəkkeyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə ehtiva edir. Bu  hədəflərə yüksək səviyyədə nail olmaq üçün səylər göstərilir. Uğurlu nəticələr əldə olunub.  Bir əsas məqamı da qeyd edək ki, cənab İlham Əliyevin Sərəncamı əsasında  2011-ci ilin ölkəmizdə «Turizm ili» elan edilməsi də bu sahənin inkişafına diqqətin bariz nümunəsi kimi dəyərləndirildi. Məhz göstərilən diqqət və qayğı, atılan davamlı addımlar cənab İlham Əliyevin  qeyd olunan videokonfransdakı çıxışında əsaslı şəkildə öz əksini tapmışdır. Pandemiyanın yaratdıığı çətinlikləri diqqət çatdıran ölkə Prezidenti  «Pandemiya dövründə turizm sahəsində işləyən insanlara maddi dəstək göstərilmişdir» fikri ilə bir daha  bu sektorun inkişafının prioritetliyini önə çəkmişdir.   Bildirmişdir ki, Azərbaycanda turizm sahəsində sahibkarların kadr potensialını qoruyub saxlaması və işçilərin tələbatını təmin etmək üçün turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsi dövlət tərəfindən ödənilir. Turizm sahəsində ixtisarlara yol verməmək üçün bu sahəyə dövlət dəstəyi davam etdiriləcək. «İndi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq: «Bir daha demək istəyirəm ki, səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik.»

Diqqəti postpandemiya dövründə görüləcək işlərə yönəldən dövlətimizin başçısı İlham Əliyev bu fikri də xüsusi qeyd etmişdir ki, turizm sahəsinin bərpa olunması vaxt tələb edir. Azərbaycanda bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdiriləcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradılacaq.

Əvvəldə də qeyd etdiyimiz kimi,  Azərbaycanda turizmin bərpasına kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, coğrafi mövqe, xalqın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi.  Bu imkanlardan maksimum istifadə etməklə  əvvəlki həyatımıza qaydacaq, Azərbaycan yenə də turistlər üçün cəlbedici ölkə olacaq. Pandemiya dövründə insanların sağlamlığının prioritetliyi iqtisadi amili üstələdi. Bu, daim qeyd olunduğu kimi, dövlətimizin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amilinin dayanmasından irəli gəlir. Cənab İlham Əliyev hər zamanda  çıxışlarında bildirir ki, iqtisadiyyatı yenidən inkişaf etdirmək, dayanıqlığı təmin etmək mümkündür. Amma sağlamlığın qorunmaması böyük itkilərə yol aça bilər.

Dövlətimizin başçısı İlham Əliyev  videokonfransda bu əminliyi də ifadə etmişdir ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir: « Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir.»

Videokonfransda pandemiya dövründə bu sektorda çalışan işçilərin müvəqqəti işsiz qalmasını nəzərə alaraq atılan addımlardan da bəhs edən dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki, mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə  hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin.

Azərbaycanın turizm sektorunda qazandığı uğurları təqdir edən Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili bildirmişdir ki,  Azərbaycanın son illərdə nail olduğu rəqəmlərə mümkün qədər tezliklə qayıtması üçün istifadə edilə biləcək bütün yaxşı nümunələri çox fəal şəkildə yayacağıq: «Sizin iştirakınız və fəallığınız bizim özümüzü daha inamlı hiss etməyimiz üçün hamımıza çox kömək edəcək və edir. Sizin dəstəyiniz Azərbaycandakı və bütün turizm sektorundakı yerli sahibkarlara böyük təkan, böyük dəstək olacaq.»

Yeganə Əliyeva,

«İki sahil»

Daha çox xəbərlər