Məsuliyyət, həmrəylik, qaydalara hörmət…
Azərbaycanda koronavirusa qarşı mübarizənin ilk günlərindən vəziyyət Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən nəzarətə götürülüb və sistemli tədbirlərin həyata keçirilməsinə başlanıb. Xüsusi xəstəxanaların müəyyənləşdirilməsi və onların texniki təminatı, yeni xəstəxanaların açılması, modul tipli xəstəxanaların quraşdırılması, yeni laboratoriyaların yaradılması, dünya ölkələri arasında kəskin mübarizə şəraitində süni nəfəs aparatlarının alınması və ölkəyə gətirilməsi, testlər, dərman preparatları ilə təchizat və zəruri olan digər məsələlər ən qısa zamanda həll edilib. Bundan başqa, xüsusi karantin rejiminin təşkili ilə bağlı olduqca mürəkkəb və böyük iş görülüb. Xaricdə olan 20 mindən artıq vətəndaş ölkəyə gətirilib, 4-5 ulduzlu otellərdə karantin təşkil edilib. Keçirilmiş testlərin sayına görə Azərbaycan dünyada öncüllər sırasındadır. Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı. Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd olunub. Əhalinin sosial təminatı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, sahibkarlara yardım məqsədilə milyardlarla vəsait ayrılıb. Lakin bir çoxları sosial şəbəkələr vasitəsilə Operativ Qərargahın çıxardığı qərarları əsassız tənqid etməklə ictimai fikri çaşdırmağa çalışır. Bəziləri isə bir qədər də irəli gedərək Operativ Qərargahın, həmçinin TƏBİB-in işin öhdəsindən gəlmədiyini iddia edir.
Etiraf edək ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bütün dünyada bu problemin qısamüddətli və asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq. Yoluxma hallarının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. İş yerlərində ümumi istifadə yerləri (mətbəx, sanitar qovşaqlar, görüş otaqları) və qoruyucu vasitələrdən istifadə etməmək (məsələn, maska taxmamaq, məsafə gözləməmək) yoluxmaya əsas səbəb olan amillərdəndir.
Maskanı çənəsinə, boğazına, alnına, biləyinə taxanlar, ağzını bağlayıb, burnunu açıq qoyanlar, çibində, çantasında gəzdirib polis görən kimi taxanları hələ də heç kim inandıra bilmir. İnamı, deyəsən, elə virusun özü yaradır və yaratmaqdadır. Dünənə kimi bu düşüncədə olanlar virusa yoluxan axtarışında idi: “O virus hardadır ki, heç ona yoluxanı görmədik, niyə tanıdıqlarımız da yoluxmur?”
İndi “virus hardadır” deyənlərin özləri yoluxub. Kimi yüngül, kimi ağır formada keçirir. Amma indi də barışmaz mövqedə olanlar yeni “arqumentlər” tapır. Reallıq isə nə qədər çətin qəbul etsək də belədir – bu virus hələ uzun zaman bizimlə yaşayacaq. Hər halda, dünyanın ən aparıcı tibbi, elmi mərkəzləri, ən tanınmış virusoloqları, epidemioloqları, infeksionistləri belə deyir. Bəs nə etməli?
Əslində insanlardan tələb olunan şeylər çox sadədir. Amma bu sadə şeylərin fövqündə sosial məsuliyyət deyilən bir anlayış durur. Mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə edilməməsi və başqa qaydalara əməl etmək vacibdir. Hazırda mövcud olan epidemioloji vəziyyət mövcud karantin tədbirlərinin uzadılmasını tələb edir. İctimai yerlərdə müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir. Bir sözlə, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir. Təkcə özünün yox, digərlərini də qaydalara riayət etməyə dəvət etmək mütləq hala çevrilib.
Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq. Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə edəcəyik.
Sevinc Azadi,
“İki sahil”

