COVID-19: Sən, mən və o…
İyunun 21-dən COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 20-si saat 06:00-dək uzadılır. Qeyd edək ki, sərt karantin rejimi 5 iyul saat 06:00-dan Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında da tətbiq olunacaq.
Bundan başqa, 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.
Qlobal bəla statuslu koronavirus insanların sağlamlığı üçün real təhlükə və ciddi təhdid mənbəyidir. Koronavirusun yayılmağa başladığı dövrdən ölkəmizdə də dövlət başçısının tapşırığına əsasən pandemiyanın fəsadlarından əhalinin qorunması istiqamətində zəruri qabaqlayıcı, təxirəsalınmaz və mübarizə xarakterli tədbirlərin görüldüyü danılmazdır.
Lakin təəssüflər olsun ki, yoluxma sayının artması, günlərdir 500-dən çox insanın koronavirusa tutulması sərt karantin rejiminin uzadılmasına zəmin yaratdı. Çünki bəzi vətəndaşların koronavirusa ciddi yanaşmaması, şəxsi və sosial məsuliyyətini anlamaması, karantin qaydalarına tam şəkildə əməl etməməsi, virusa qarşı qoruyucu tibbi vasitələrdən istifadə etməməsi koronavirusla mübarizədə tətbiq olunan karantin rejiminin lazımi nəticə verməməsini göstərirdi.
Aylardır davam edən koronavirus bəlasının yaratdığı fəsadlar, aldığı canlar, səbəb olduğu narahatlıqların nə zaman bitəcəyi hələ ki, heç kəsə məlum deyil. Bütün dünyanı müəmmalı duruma salan pandemiya ilə düzgün mübarizə aparmaq isə ən önəmli faktordur. Koronavirusdan qorunmaq üçün mütləq şəkildə bütün qaydalara düzgün şəkildə əməl etmək lazımdır. Qayda dedikdə təkcə sanitar-gigiyena sahəsinə aid tələbləri icra etmək nəzərdə tutulmur. Çünki bu fərdi, özəl müdafiə metodudur. Amma unutmayaq ki, koronavirusla bir şəxs yox, bütün bəşəriyyət qlobal miqyaslı mübarizə aparır və aparmaqda davam etməlidir. Ona görə də burada tək bir nəfər yox, hamı nəzərə alınmalıdır.
Bu gün koronavirus pandemiyası hər kəsin diqqət yetirdiyi əsas problemdir. Ondan necə qorunmalı, hansı profilaktik tədbirlər görülməli, hər gün dəyişən statistik məlumatlar, virusa yoluxanlar, virusdan sağalanların təəssüratları, durumlar necədir, müalicə müddəti, dünya dövlətlərinin virusla mübarizə metodları, ölkə ərazindəki karantin rejimi, bir sözlə, koronavirusla bağlı hər xırda detal aktualdır. Belə bir çətin və olduqca gərgin günlərdə əsası olmayan, qərəzli məlumatlarla gündəmi zəbt etmək olmaz. Çünki insanlar koronavirusla bağlı olan xəbərlərə qarşı həssasdır. Bunu nəzərə alaraq ən azından humanizmi və vicdanlılıq prinsiplərini qorumaq lazımdır.
Belə bir zamanda sosial şəbəkə istifadəçiləri onlayn kontaktın aktivliyindən istifadə edərək fəallıq göstərirlər. Saxta səsyazıları, foto, video materiallarla ictimaiyyəti istəklərinə uyğun yönləndirməyə cəhd edirlər. Özlərinə tərəfdaş toplayanlar da olur, ümidləri “suya düşənlər də”… Əsas nəticə isə odur ki, insanlar həyəcan, təlaş, gərginliklə paralel, şübhə, ehtimal hissini yaşayıb narahat olurlar.
Bəziləri hər gün “rəsmi” başlığı altında müxtəlif “qərarlar” paylaşaraq sosial şəbəkə üzərindən insanları narahat etməyə çalışırlar. Aylardır ki, dərslərin nə zaman açılması, karantin müddətinin nə zaman bitməsi, 5G, toyların keçiriləcəyi tarix, peyvəndin tapılması, virus siyasi oyundur, koronavirusun nə zaman bitməsi, postpandemiya dövrü ilə əlaqədar müxtəlif informasiyalar paylaşılır. Həmin “xəbərləri” oxuduqda insan bir çox səbəbə görə təəssüflənir. Amma maraqlı məqam budur ki, bu qədər güclü fantaziyaya sahib insanlar monitor arxasında klaviatura ilə bu cür lazımsız işlə “istedadlarını” hədər etmiş olurlar. Bu cür saxtakarlıqla məşğul olanlar ya zarafat etdiklərini, ya da qəsdən etməyib məsuliyyətsizlikdən peşman olduqlarını söyləyirlər. Necə deyərlər, “sonrakı peşmançılıq fayda verməz”. İndi nə zarafat, nə də məsuliyyətsizlik zamanıdır.
Sosial şəbəkə istifadəçilərinin digər bir qismi isə “virus yoxdur” başlıqlı paylaşımlarla mövcud vəziyyəti daha da çətinləşdirirlər. Virusun olmamasını düşünənlərin əksəriyyəti ya virusdan ən yaxşı qorunanlar, ya da yaşamaq istəməyən laqeyd insanlar olurlar. Onlar sadəcə dezinformasiya yaymaqla, sosial şəbəkə istifadəçilərini buna inandırmağa və arxayın salmağa çalışırlar.
Şükürlər olsun ki, bu gün Azərbaycanda azad, demokratik və müstəqil media mövcuddur. Operativ şəkildə fəaliyyət göstərən media qurumları öz işlərini yüksək səviyyədə həyata keçirirlər. Əgər qərar rəsmidirsə, qanun qəbul olunubsa, o zaman kütləvi informasiya vasitələrində də yayımlanacaq. Xəbəri nə zaman almağın önəmi yoxdur. Vacib məqam odur ki, oxunulan xəbər rəsmi və dəqiq olsun. Xüsusilə koronavirusla mübarizə dövründə həm informasiya ötürən, həm də informasiyanı qəbul edən, daha çox diqqətli və dəqiq olmalıdır.
Sosial şəbəkə üzərindən fəaliyyətlə insanlar arasında həyəcan yaratmaq əvəzinə, koronavirusla mübarizədə gərəkli olacaq bilgilər paylaşmaq daha yaxşı olardı. Çünki dövrün tələbi insanlar arasında boş yerə təlaş yaratmaq yox, virusdan qorunmaq üçün lazımi məlumatlar, pandemiya ilə mübarizəyə dəstək olacaq xəbərlər verilməsidir. Ona görə də maarifləndirici videolar, fotolar, yazılar hazırlamaq lazımdır. İnsanlara koronavirusa qarşı məsuliyyətli olmaq, qorunmaqla bağlı çağırışlar etmək lazımdır.
Bilib-bilmədən danışmaq, çağırışlar etmək, kimisə haqsız yerə ittiham etmək, günahlandırmaq çox asandır. Çətin olan odur ki, bu dövlətin vətəndaşı, xalqın bir nümayəndəsi kimi sən də dövlətin, millətin, özün üçün xeyirli bir iş görməyə çalış. Bu çətin sınaqdan, ağır günlərdən sağ-salamat daha az itki ilə çıxmaqda sənin də payın olsun.
Unutmayaq ki, dövlətimiz tərəfindən koronavirusla mübarizədə bütün zəruri profilaktik və qoruyucu tədbirlər həyata keçirilir. Vətəndaşlar da mümkün qədər narahatlığa səbəb olacaq fəaliyyətlərdən uzaq olmalıdırlar. Dövlət pandemiya ilə mübarizədə zəruri olan mümkün addımları atır. Lakin pandemiya ilə təkcə dövlət yox, vətəndaşlar da lazımi səviyyədə mübarizə aparmalıdırlar. Hər kəs öz üzərinə düşən işi layiqincə yerinə yetirməlidir ki, sonda nəticə uğurlu olsun.
Yaqut Ağaşahqızı,
“İki sahil”

