Sosial 

İmişlidə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 12 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq İmişli Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyası qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmişdir. Belə ki, rayon üzrə 2020-ci ilin 6 ayı ərzində sözügedən Dövlət Proqramının icrası məqsədilə tədbirlər planı hazırlanmış və həmin sənəd təsdiq edilərək icraya yönəldilmişdir. Dövlət Proqramı idarə, müəssisə və təşkilatların, təhsil şöbəsinin, səhiyyə işçilərinin, gənclər və yeniyetmələrin, hüquq-mühafizə orqanları və din xadimlərinin nümayəndələrinin iştirakı ilə müzakirə edilmiş və yekunda Dövlət Proqramının icrasını təmin etmək məqsədilə qanunamüvafiq qərarlar qəbul edilmişdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə İmişli Rayon Komissiyası narkomanlığın ilkin profilaktikası, antinarkotik təbliğat və maarifləndirmə, narkotik xassəli bitkilərin əkilib-becərilməsinin qarşısının alınması, bu tədbirlərə kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatları və ictimai birliklərin, həmçinin din xadimlərinin cəlb olunmasını təmin etmişdir.

Narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi və yabanı halda yayılması hallarının qarşısının alınması üçün rayon ərazisində qabaqlayıcı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısı tərəfindən 14 aprel 2020-ci il tarixdə müvafiq sərəncam imzalanmış və həmin sərəncamla rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, mütəxəssislər, digər aidiyyətı şəxslər və texniki vasitələr bu işə cəlb edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə rayonun aidiyyətı idarə, müəssisə və təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Ölkədə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə əlaqədar narkomanlığa, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı geniş yığıncaqların keçirilməsi məqsədəuyğun hesab edilməmişdir.

İmişli Rayon Polis Şöbəsində narkomanlığın yayılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə 2020-ci ilin 6 ayı ərzində bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, təhlil olunan dövrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 12 cinayət faktı qeydə alınmışdır. Onlardan 4-ü narkotik vasitələrin qanunsuz saxlanması,7-si satışı, 1-i isə narkotik vasitələrin kultivasiyası ilə bağlı olmuşdur.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 12 cinayət faktı üzrə 3.592,16 qram narkotik vasitə çıxarılmış, onlardan 2.757,16 qram heroin və 835,0 qram metafetamin aşkar edilərək götürülmüşdür.

Bundan əlavə, rayonda “Xaş-Xaş 2020” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlərin keçirilməsi zamanı 20.10.1974-cü il təvəllüdlü İmişli rayonunun Muradxanlı kənd sakini Nəcəfov Fəxrəddin Cəllad oğlunun qanunsuz olaraq kultivasiya yolu ilə əkib-becərdiyi tərkibində narkotik maddələr olan 98 ədəd (yaş kütlə 2600 qram) çətənə kolu (kannabis) aşkar edilərək götürülmüşdür.

Həmçinin İmişli Dəmiryolu Nəqliyyatında Xətt Polis Şöbəsi tərəfindən cari ilin 6 ayı ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 cinayət faktı aşkar edilmişdir ki, onların da hamısı narkotiklərin qanunsuz saxlanılması ilə bağlı olmuşdur. Həmin faktlar üzrə 475,0 qram marixuana və 1,879 qram heroin qanunsuz dövriyyədən çıxarılmışdır.

İmişli Rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində 207 nəfər narkoman diaqnozu ilə qeydiyyatdadır. Onlardan 145 nəfər dispanser, 62 nəfər isə profilaktiki qeydiyyatda olanlardır.

Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni bundan sonra da səylə davam etdirəcəkdir.

Səfa Ağayev,

İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin

Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə

Rayon Komissiyasının sədri

Daha çox xəbərlər