Sosial 

Sosial məsafəni gözləməklə COVID-19-a qalib gələk!

Sayıq və intizamlı olaq, sosial məsafəni gözləməklə COVID-19-a qalib gələk!


Orduya dəstək adı altında keçirilən aksiyanın iştirakçılarının sosial məsafəni gözləməmələri, tibbi maskalardan istifadə etməmələri koronavirusun yayılmasına əlverişli şərait yaratdı


Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizənin birinci mərhələsini uğurla başa vurmasını şərtləndirən əsas amil dövlətimizin başçısı İlham Əliyevin insanların sağlamlığını əsas tutaraq özünütəcrid qaydalarına riayət olunmasını qarşıya əsas tələb kimi qoyması oldu. Bu gün də həmin tələb öz aktuallığını qorumaqdadır. Sadə gigiyena qaydalarına düzgün riayət olunması, sosial məsafənin saxlanılması xəstəliklə mübarizəyə öz müsbət təsirini göstərir.

Məhz ölkəmizin ilk gündən özünütəcrid qaydalarını tətbiq etməsi digər ölkələrə nümunə olan təcrübə modelinin təqdimatında əhəmiyyətli rol oynadı. Özümüzü təcrid etməklə ətrafımızı, doğmalarımızı da qoruduq, onlara dəstək olduq. Yeni texnologiyaların yaratdığı imkanlardan istifadə edərək doğmalarımızla, ətrafımızdakı insanlarla qurulan əlaqələr birliyimizin, həmrəyliyimizin zəifləməməsinə, əksinə daha da möhkəmlənməsinə stimul oldu. Karantin dövrünün tələbləri xalqımızın malik olduğu ən gözəl xüsusiyyətləri- ruh yüksəkliyi və mərdliyi, mərhəmət və şəfqəti, inam və məhəbbəti daha da qabartdı.

Karantin rejiminin sərtləşdirilməsi müsbət dinamikaya yol açdı. Belə ki, xəstəliyə yoluxma halı kiçik rəqəmlərlə ifadə olundu, müalicə olunub öz əvvəlki həyatlarına qayıdan insanların sayı çoxaldı. Bu dinamika karantin rejiminin yumşaldılmasını zərurətə çevirdi. Amma təəssüflər olsun ki, bu zərurət əksər insanlarda belə təəssürat yaratdı ki, artıq koronavirus yoxdur, sərbəst, tibbi maskadan istifadə etmədən, sosial məsafəni gözləmədən hərəkət etmək mümkündür. Bu arxayınlıq əldə olunan müsbət nəticələrin yenidən mənfiliyə doğru dəyişməsini şərtləndirdi. Belə ki, qısa müddətdə yoluxanların sayı artdı. Əgər ilk əvvəllər yoluxanların sayı bir, yaxud ikirəqəmli ədədlə ifadə olunurdusa, artıq karantin rejiminin yumşaldılmasından sonra üçrəqəmli ədədlər gündəmdə oldu. Yəni yoluxanların sayı 500-dən çox olaraq həyəcan təbilinin çalınmasına əsas verdi. İyun ayının 20-dən sonra karantin qaydalarında yenidən sərtləşmələr başladı. Artıq xəstəliyə yoluxanların sayında stabillik özünü büruzə verir. Ən əsası sağalanların sayı günbəgün artmaqdadır.

Daim vurğuladığımız kimi, heç bir ölkə hansısa hadisədən, çətinlikdən sığortalanmayıb. Əsas olan yaşanan durumun ətraflı təhlili və vəziyyətdən çıxış yolunun düzgün müəyyənləşdirilməsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan bu təcrübəni nümayiş etdirdi. Belə ki, heç bir ajiotaj, depressiya yaşanmadan düşünülmüş və məqsədyönlü model ortaya qoyuldu. “Bu gün koronavirusla bağlı əsas problem odur ki, xəstəliyin geniş yayılması o ölkələrin mövcud olan səhiyyə potensialından daha genişhəcmlidir” söyləyən dövlətimizin başçısı bildirir ki, ona görə bizim əsas vəzifəmiz xəstəliyin geniş yayılmasına imkan verməmək idi: “Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayanda bilirdik ki, bu yoluxma prosesinin qabağını almaq tam mümkün olmayacaq. Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək bütün bizim tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda, mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi.”

Karantin rejiminin gah sərtləşdirilməsi, gah da yumşaldılması belə bir həqiqəti də ortaya qoyur ki, heç bir ölkə birinci mərhələsi başa çatan koronavirus infeksiyasının ikinci və üçüncü dalğasının yaşanmayacağından xəbərdar ola bilməz. Əvvəldə də vurğuladıq ki, bu gün dünyanın əksər ölkələrində pandemiyanın ikinci dalğası tüğyan edir. Artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur: “Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər.”

Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı vaxtdan Azərbaycanın dünyaya səs salan əsas çağırışı bu oldu ki, “Biz birlikdə güclüyük!” Bu çağırış isə öz növbəsində birliyi, həmrəyliyi bir tələbə çevirdi. Bu çağırış olundu ki, laqeydlik hər birimizə, bizim yaxınlarımıza, ölkəmizə real təhlükə törədə bilər. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yəni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir.

Xalqımız bu çağırışlara dəstəyini əməllləri ilə təsdiqləyərək vətəndaş-dövlət birliyini, həmrəyliyini daha da möhkəmləndirdi. Bu isə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin davamlılığı üçün əsas amillərdən biridir. Ölkə Prezidentinə ünvanlanan təşəkkür məktublarında da bu məqamlar öz əksini tapır ki, biz Sizinləyik hörmətli Prezidentimiz. Günün tələblərinə uyğun qarşıya qoyulan hər bir tapşırığa, çağırışa əməl etməyə hazırıq. Xalqımız üçün! Döğma Vətənimiz üçün! Güclü, qüdrətli Azərbaycanımız üçün! Tezliklə bu bəladan xilas olacaq, Azərbaycanın davamlı inkişafı postpandemiya dövrü üçün nəzərdə tutulan inkişaf modeli əsasında təmin ediləcək.

COVID-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qatılması virusun daha da geniş yayılmasına şərait yaradır. Qeyd etdiyimiz kimi, orduya dəstək adı altında keçirilən yürüş cəmiyyətimizdə vətənpərvərlik, birlik, həmrəylik kimi keyfiyyətlərin təqdimatı olsa da, bugünkü gündə, pandemiyanın geniş vüsət aldığı bir zamanda sosial məsafə gözlənilmədən aksiyaların keçirilməsi çaşqınlıq yaratmaya bilməz. Azərbaycanın davamlı inkişafını, insanlarımızın sağlamlığını istəyiriksə, kütləvilikdən uzaq olaq, əvvəldə də qeyd etdiyimiz kimi, səmimiyyətimizi, bir-birimizə olan hörmət və sevgimizi məsafədən ifadə edək. Ən böyük sərvətimiz olan sağlamlığımızı birlikdə qoruyaq, COVID-19-a qalib gələk!

Yeganə Cəlilqızı, “İki sahil”

Daha çox xəbərlər