Milli birlik, həmrəylik və güclü iradə
Cəmiyyətimizdəki təhlükəsizliyi, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik
Bu gün birmənalı demək olar ki, qazanılan bütün uğurlarımızın mənbəyi ölkəmizdə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitlikdir. Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsində, onun beynəlxalq aləmdə nüfuzunun güclənməsində başlıca amil ölkə başçısının düşünülmüş siyasəti, sabitlik, əmin-amanlıq, güclü xalq-iqtidar birliyidir. Bu baxımdan ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılması olduqca vacibdir. Qətiyyətlə demək olar ki, dövlətimizin başçısının dərin elmi əsaslara söykənən inkişaf strategiyası, uzaqgörən siyasəti Azərbaycanda bərqərar olan sabitliyin, əmin-amanlığın dönməzliyini təmin edib. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir.
Ölkədə hökm sürən icitmai-siyasi sabitliyi, milli birlik və həmrəyliyi, demokratik prinsipləri, qarşılıqlı hörmət və ehtiramı, əldə olunan müvəffəqiyyətləri insanlarımızın öz dövlətinə sədaqət və məhəbbətinin ifadəsi kimi yüksək dəyərləndirən Prezident İlham Əliyev daim vurğulayır ki, ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir: “Azərbaycan inkişaf, sabitlik yolu ilə gedir. Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir. Dünyada yeni münaqişə ocaqları, yeni gərginlik yerləri yaranır. Mövcud problemlər öz həllini tapmır, əksinə, yeni problemlər əlavə olunur. Demək olar ki, dünyanın bütün yerlərində – Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bizim bölgəmizdə, postsovet məkanında müəyyən gərginlik müşahidə olunur. Bəzi hallarda bu gərginlik daha şiddətli formalar alır. Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur”.
Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizin başçısının düşünülmüş və uzaqgörən siyasətinin əsas məqsədi dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Bu sabitliyin təmin olunmasına töhfə vermək, dövlət başçısının siyasətini dəstəkləmək hər bir vətənpərvər insanın əsl vətəndaşlıq borcudur.
İyulun 14-15- də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Bununla yanaşı, dünən gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı. Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir.
Şübhəsiz, 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər. 1990-cı illərin əvvəllərinin acı təcrübəsi bunu deməyə əsas verir. Unutmaq olmaz ki, itirilən torpaqlarımız, əsir qalan yurdlarımız, düşmən tərəfindən dağılan, viran qalan kəndlərimiz, şəhərlərimiz erməni faşistlərinin vəhşi əməllərinin nəticəsi olmaqla bərabər, həm də o zamankı daxili çəkişmələrin, özbaşınalıqların, qarşıdurmaların qurbanıdır.
Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.
Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, respublikamızdakı mövcud sabitliyin, əmin-amanlığın heç zaman pozulmasına yol verilməyəcək, həmçinin dincliyimizi pozanlara, xalqımızın, dövlətimizin adına, uğurlarına qara yaxanlara qarşı ciddi mübarizə aparılacaq. Çünki sabitlik, əmin-amanlıq vətəndaşlarımızın firavanlığı, xoşbəxtliyi, Azərbaycanın qüdrətlənməsi, işıqlı gələcəyi üçün həyati vacib şərtdir.
Öz dövlətinə və Ali Başa Komandana daim məhəbbət və sədaqət nümayiş etdirən xalqımız Azərbaycanın müstəqilliyini, milli birliyimizi, vətəndaş həmrəyliyini qoruyub möhkəmləndirən, insanlarmızın sosial rifah halının yaxşılaşdırılması, torpaqlarımızın düşmən işğalından azad olunması üçün var qüvvəsi ilə çalışan ölkə başçısının bu siyasətini dəstəkləyir. Əminik ki, doğma Azrəbaycanı, xalqını, Bayrağını, Prezidentini ürəkdən sevən hər bir azərbaycanlı bu həssas dönəmdə ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağa cəhd edən araqarışdırıcı ünsürlərə, xəyanətkarlara, təxribatçı qüvvələrə qarşı amansız olacaq, düşmənlərimizin sevinməsinə imkan verməyəcəkdir.
Zahid Rza, “İki sahil”

