Şəhidlik: Hər bir əsgərin ali və müqəddəs rütbəsi
… General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Xəyyam Daşdəmirov, Elçin Mustafazadə.
…Bir neçə gün bundan əvvəl onlar şəxsiyyətlərini bildirən sənədlərində bu cür tanınırdılar. Tərcümeyi-hallarında ictimai mənsubiyyətləri ilə bağlı qeydlərdə bəzi fərqlər olsa da, eyni peşənin sahibləri idilər. Kişilik məktəbinin məzunları olan, artıq eyni adı daşıyan Vətənin sadiq əsgərlərinin vəzifələri ana qədər müqəddəs olan torpağı qorumaq idi. Artıq rütbəsindən, əvvəl tutduqları vəzifələrindən, yaşlarından, doğulduqları məkandan asılı olmayaraq dünyaya göz açdıqları gündən Tanrıının talelərinə yazdığı bir ad onları birləşdirdi: Şəhidlik.
Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində erməni silahlılarının torətdikləri təxribatda böyük şücaət göstərən əsgərlərimiz qəhrəmanlıqla dolu hərb tariximizə daha bir şanlı səhifə yazdılar. Vətəni müdafiə çağırışına səngərlərdən səs verən şəhidlərimiz haqqı, ədaləti, Vətən sevgisini, torpaq qeyrətini qanları ilə yazdılar. Yaşlarından asılı olmayaraq qəlblə ağlın vəhdəti olan kamillik zirvəsinə ucaldılar.
Belə bir kəlam var ki, insanlıq qanunları ilə ömür sürən, cəmiyyətdə, ictimaiyyət arasında, kollektivdə hörmət qazananlar Tanrı dərgahına daha çox qovuşurlar. Onların müsbət keyfiyyətləri sağlığında bəlkə də çox hiss olunmur. İnsanın dünyada qazandığı müsbət keyfiyyətlərinin qiyməti həyatdan köçdüyü haqqında deyilən xoş sözlərdir. Şəhidlərimizin dəfn mərasimlərində qədr-qiymətə verilən sözlər kimi.
Yuxarıda adlarını çəkdiyimiz şəhidlərimiz haqqında söylənilənlər onları şəhidlik zirvəsinə aparan yolun “yaşıl işıqları” olub.
Prezident İlham Əliyevin “Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edlilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib” sözlərində milyonların ürəklərindən keçən istək ifadəsini tapıb.
İnsan çoxşaxəli ağacdır. Onun özü və özündən sonraya qalacaq yetişdirdiyi meyvəsi gözəl olmalıdır. Ağac da öz borcunu qaytarar və onunla fəxr edər. Şəhidlərimiz haqqında söylənilən xoş sözlərdən aydın olur ki, onlar hərbçi, vətəndaş, yaxşı yoldaş, qayğıkeş valideyn kimi öz vəzifələrini yerinə yetirmişlər. General-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, mayorlar Namiq Əhmədovun, Anar Novruzovun yetişdirdikləri əsgərlərin hərbi hazırlığı, döyüş qabiliyyəti, şücaəti sayəsində düşmənin bütün həmlələrinin qarşısı alınır, təcavüzkara layiq olduğu zərbələr endirilir. Azərbaycan Ordusunun əsgərləri tərəfindən onlarla erməni hərbçisinin məhv edilməsi, onların sərhədboyu ərazilərdə yerləşən dayaq məntəqələrinin, infrastrukturunun, texnikasının, silah-sursat anbarlarının darmadağın edilməsi əsgərlərin komandirlərinin məzarı başında qisas alacaqları barədə verdikləri sözün, içdikləri andın yerinə yetirilməsidir.
Ermənistanın təxribatları ilə bağlı Azərbaycana dəstək olan bir neçə dövlət başçısının Prezident İlham Əliyevə ünvanlanan həmrəylik sözləri haqq işimizin beynəlxalq səviyyədə dəstəklənməsi , şəhidlərimizlə bağlı Ali Baş Komandana verilən başsağlığıdır. Azərbaycana bu cür etimad, hörmət eyni zamanda diplomatiyamızın uğurudur. “Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır” söyləyən Prezident İlham Əliyev dünyada qüdrətli ölkənin lideri, Ali Baş Komandan, sərkərdə kimi də qətiyyətini təsdiqlədi. Son hadisələrdə ordumuzun döyüş qüdrəti, əsgərlərimizin yüksək əhval-ruhiyyəsi, qələbə əzmi düşmənə son zərbənin vurulacağı günün uzaqda olmadığını göstərir. Həmin gün şəhidlərimizin də ruhu bizimlə olacaq.
… Biri-birindən gərgin keçən son günlərdə daha 11 şəhidimiz haqqa qovuşdu. Vətənə sədaqətlərini, torpağa məhəbbətlərini qanları, canları ilə bildirən əsgər və zabitlərimiz böyük hörmətlə, ana qədər müqəddəs olan torpağa tapşırıldılar. Onların arasında nişana hazırlaşan, yeni doğulmuş körpəsinin qoxusunu doyunca almayan, övladının toy gününü görmək həvəsində olanlar, hərbi xidmətə yeni başlayanlar da var idi. Ancaq ən başlıca arzuları üçrəngli bayrağımızı Xankəndidə dalğalandırmaq, mənfur ermənilərin nəfəslərini Dağlıq Qarabağdan kəsmək idi.
Şəhidlərimizin məzarları başında dəfələrlə söylənildi ki, qoruduğunuz, uğrunda canınızı verdiyiniz Vətən torpağında rahat yatın. Bütün şəhidlərimizin qisasını alacaq, işğal altında qalan torpaqlarımızı azad edəcəyik. O qələbə günündə sizin ruhlarınızın bütün Azərbaycan xalqı ilə birgə sevinəcəyinizə inanırıq. O zaman siz hər bir zabit üçün ali, müqəddəs rütbə olan şəhidlik zirvəsindən qazanılan, payınız olan zəfərimizə, qələbə sevincimizə şahidlik edəcəksiniz, şəhidlərimiz! Torpağınız nurlu, yeriniz cənnət olsun!
Xuraman İsmayılqızı, “İki sahil”

