Sosial 

Sələmçilərin haram pul qazanmaq işi çətinləşir

Faiz müqabilində borc verilməsi – sələmçiliklə bağlı münasibətlər(dinimizdə haram və böyük günah sayılır) ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bir sıra vacib hüquqi məqamların nəzərə alınması zəruridir.

Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan edilmir və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində adətən “sələmçilik” deyilir. Lakin əsas problemlər məhz bu münasibətlərin hüquqi baxımdan düzgün rəsmiləşdirilməməsindən qaynaqlanır.

 

Picture background

Ali Məhkəmədən Musavat.com-a verilən məlumatda qeyd olunur ki, praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur, yazılı müqavilə bağlanmır və ya bağlansa belə, əsas şərtlər – borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə sonradan tərəflər arasında mübahisə yarandıqda sübutetməni xeyli çətinləşdirir. Bundan başqa, ödənişlərin nağd şəkildə və sənədsiz həyata keçirilməsi də ciddi risklər yaradır. Hər bir ödənişin qəbz, bank köçürməsi və ya digər rəsmi sənədlərlə təsdiqlənməsi tərəflərin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər vacib məqam fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər bir şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə həyata keçirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi dəyərləndirilə və hüquqi məsuliyyət yarada bilər. Məhkəmə təcrübəsi də göstərir ki, borc verən şəxslərin fəaliyyətində qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardadlar çıxarılaraq materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir. Bu riskləri minimuma endirmək üçün bir sıra mühüm qaydalara əməl olunması məqsədəuyğundur. İlk növbədə, borc münasibətləri mütləq yazılı müqavilə ilə rəsmiləşdirilməli, müqavilədə bütün əsas şərtlər – məbləğ, faiz, müddət və qaytarılma qaydası aydın şəkildə göstərilməlidir.

Eyni zamanda, ödənişlərin mümkün qədər bank vasitəsilə aparılması və ya digər sənədləşdirilmiş üsullarla həyata keçirilməsi tövsiyə olunur. Əgər bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunun düzgün müəyyən edilərək qanunvericiliyin tələblərinə uyğunlaşdırılması da vacibdir. Nəticə etibarilə, faizlə borc vermək hüquqi baxımdan mümkün olsa da, bu münasibətlərin düzgün qurulmaması həm ciddi maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və zərurət yarandıqda hüquqşünas məsləhətindən istifadə etmək vacib hesab olunur.

E.Məmmədəliyev, 
Musavat.com

Daha çox xəbərlər