Sosial 

Azərbaycan və Türkiyə iş adamlarının işgüzar görüşü keçirilib – FOTO

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) birgə təşkilatçılığı ilə videokonfrans formatında iş adamları arasında işgüzar görüş keçirilib.

ARANTV.AZ-ın məlumatına görə, Azərbaycanın Türkiyədəki və Türkiyənin Azərbaycandakı səfirlərinin, dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirak etdiyi tədbirdə ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri, pandemiya dövründə sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

DEİK prezidenti Nail Olpak Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı barədə danışıb, təmsil etdiyi qurumun pandemiya şəraitində fəaliyyətindən bəhs edib, bu cür tədbirlərin təşkilinin dostluğa söykənən mövcud iqtisadi əlaqələrin daha da möhkəmlənməsində rolunu vurğulayıb.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində qurum tərəfindən görülən işləri, ölkəmizdə pandemiyanın sahibkarlığa mənfi təsirlərinin minimuma endirilməsi üçün həyat keçirilən sistemli tədbirləri diqqətə çatdırıb.

Tədbir çərçivəsində iş adamları arasında qida sənayesi və kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika sektorları üzrə panel sessiyaları təşkil olunub, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri müzakirə edilib, suallar cavablandırılıb.

Daha çox xəbərlər