Siyasət 

Ukraynalı ekspertlər: “Ali Radada Ermənistanı dəstəkləyən deputatlar azlıq təşkil edir”

Ukrayna Ali Radasının bəzi deputatları tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatına inanılmaz reaksiya göstərilib. Onların arasında fraksiyadan kənar deputat, Ukrayna və Ermənistan parlamentlərarası dostluq qrupunun üzvü Anton Polyakov da var. Əvvəllər o, hakim “Xalqın xidmətçisi” partiyasını təmsil edib. Xarici siyasət idarəsinin əleyhinə çıxış edən başqa bir millət vəkili Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” partiyasından olan millət vəkili, Ukrayna-Ermənistan parlament dostluq qrupunun sədr müavini Daria Volodinadır. O, Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasını birtərəfli adlandırıb. Anton Polyakov Ukrayna diplomatlarını rasional mövqedən çıxış etməyə çağırıb.

Rasionallıq nədədir? Dünya ölkələrinin ərazi bütövlüyünü dəstəkləməkdən imtinada?..

Media.Az üçün baş verənləri Ukrayna Ali Radasının Reqlament, deputat etikası və işin təşkili komitəsinin üzvü, Azərbaycan Respublikası ilə Parlamentlərarası əlaqələr qrupunun həmsədr müavini və Türkiyə Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun üzvü Lyudmila Marçenko və ukraynalı politoloq Nataliya Belousdan şərh edib.

İlk həmsöhbətimiz Lyudmila Marçenkodur.

– Ukraynanın Xarici İşlər Nazirliyi son zamanlar Ermənistan və Azərbaycan arasında hərbi eskalasiya ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini bir daha təsdiqləyərək, çox təmkinli və dəqiq bəyanat verdi. Ukraynanın Yerevandakı səfirliyinə borş atıldı. Ancaq Ukrayna Ali Radasının bəzi üzvlərinin, məsələn, Anton Polyakovun reaksiyasına təəccübləndim. Niyə Ukrayna dünya ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə qalxmamalıdır? Ermənistan Ukraynanın hətta BMT-də və digər beynəlxalq strukturlarda dəfələrlə səsə qoyulmuş suverenliyini də dəstəkləmir.

– Bilirsiniz, həqiqətən cənab Polyakovdan qəribə şərh gəldi. Bu, məni təəccübləndirir. Güman edə bilərəm ki, başqa qüvvələrlə, ya da dövlətlərlə oyunbazlıq var. Anton Polyakov ağıllı siyasətçidir, amma bu vəziyyətdə onu başa düşmürəm. Ukrayna dünyanın bütün dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyir. Bu, bizim maraqlarımıza uyğundur. Azərbaycan Ukrayna ilə eyni vəziyyətdədir və biz bu məsələni fraksiya iclasında müzakirə etdik. Buna görə də, təkrar edirəm, onun mövqeyi mənim üçün tamamilə anlaşılmazdır.

– Bildiyimə görə, deputat Anton Polyakov “Xalqın xidmətçisi” fraksiyasından kənarlaşdırılıb, indi fraksiyadan kənar deputatdır.

– Bu doğrudur. Ancaq Ali Radanın deputatları bir-biri ilə əlaqə saxlayır. Qeyd etmək istərdim ki, Ermənistanın mövqeyini dəstəkləyən (ərazi bütövlüyünün tanınmaması məsələsində – red.) deputatlar azlıq təşkil edir. Bir daha deyim ki, onun mövqeyi məni təəccübləndirdi.

– Ali Radanı saytındakı məlumatlara görə, Anton Polyakov Ukrayna və Ermənistan parlamentlərarası dostluq qrupunun üzvüdür.

– Mənim bundan xəbərim olmayıb. Ancaq onun fraksiya ilə ciddi ziddiyyətləri var idi. Əgər o, Ukrayna-Ermənistan dostluq qrupundadırsa, bu, vəziyyətə aydınlıq gətirir, onun niyə belə davrandığı aydın olur.

Digər müsahib Nataliya Belousdur:

– Ukrayna, xüsusilə də ərazi bütövlüyü və milli təhlükəsizlik məsələlərində Azərbaycanı dəstəkləyir və dəstəkləyəcək. Bəzi millət vəkillərinin, ələlxüsus indiki halda Ermənistanı dəstəklədiklərini bəyan etməsi, yumşaq desək, “anlaşılmazlıq”dır. Mən Ermənistanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləmədiyini unutmamağa çağırıram.

Təxmin etmək olar ki, Ermənistandan müəyyən bir lobbi dəstək qruplarını yaratmağa və gücləndirməyə, Ermənistanın sivil, demokratik dövlət olduğunu beynəlxalq ictimaiyyətə sübut etməyə çalışır. Onda, sadəcə, işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Deyilmi?

Daha çox xəbərlər