Sosial 

Fikir, söz və mətbuat azadlığı inkişafı dövlətin siyasətində prioritetdir

Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın əsas tərkib hissələrindəndir. Konstitusiyamız insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi  kimi təsbit edilib. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi  potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. Reallıq bundan ibarətdir ki, bu gün ölkə Prezidenti İlham Əliyevin dövlətin informasiya siyasəti sahəsində həyata keçirdiyi tədbirlər azad medianın inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. 2005-ci ildə “Əməkdar jurnalist” adının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, Milli Mətbuatın yubileyləriinin qeyd edilməsi haqqında sərəncamlar bu qəbildəndir. Azərbaycan Prezidentinin ölkə mediasının inkişafı, fikir, söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində atdığı addımlar bunlarla yekunlaşmadı. Dövlət başçısının qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarının tamamilə ləğv edilməsi istiqamətində atdığı addım, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” Sərəncamın imzalanması, bir il sonra, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmçinin mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna vəsaitlərin ayrılması Cənab İlham Əliyevin bu sahədə atdığı ən mütərəqqi addımlardır. Məhz azad media, fikir, söz, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində məqsədyönlü fəaliyyətinə görə cənab İlham Əliyev  bir neçə dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Fikir və söz azadlığına, plüralizm anlayışına hüquqi və siyasi mahiyyət bəxş edən Avropa institutlarında mövcud yanaşmalar müvafiq sahələrin əslində dövlət quruculuğu, vətəndaş cəmiyyəti, ölkə rəhbərliyi ilə xalq arasındakı münasibətlərə necə böyük təsir qüvvəsi olduğunu göstərir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunduğu kimi, hər kəsin ifadə və məlumat əldə etmək azadlığı var. Bu yanaşma ənənəvi mediadan müasir mediaya keçid dövründə daha da təkmilləşərək, yeni elementlər ehtiva edərək öz mahiyyətini saxlayıb. Azərbaycan Respublikasında bu istiqamətdə atılan addımların kompleks şəkildə olması, ümumi inkişaf strategiyasına tabe etdirilməsi təmin edilib. Bu gün Azərbaycan demokratik inkişafın əsas göstəricilərindən olan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 85 faizindən çoxu fəal internet istifadəçisidir. 2019-cu ilin böyük uğurları sırasında yer alan 10 milyonluq ölkə sevincini nəzərə alsaq, Azərbaycanda sosial mediadan istifadə edənlərin sayının 2 milyondan çox olması təqdirolunan hadisədir. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı üçün mühüm addımlar atılıb. Ölkəmiz beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə həm malik olduğu imkanların təqdimatında əlavə imkanlar əldə edir, həm də təcrübə mübadiləsinin, səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olur. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər