Bişkekdə Türkdilli ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin görüşü keçirilib
ARANTV.AZ xəbər verir ki, Bişkekdə Türkdilli ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin görüşü keçirilib. Konfransda iqtisadi münasibətlərin genişləndirilməsi məqsədilə qarşılıqlı investisiya imkanlarından istifadə edilməsinin vacibliyi vurğulanıb.
Türkdilli ölkələrin əməkdaşlıq şurasına üzv ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi təşkilatın prioritet istiqamətlərindən biridir. Qırğızıstanın iqtisadiyyat naziri Oleq Pankratov bildirdi ki, buna görə də qurum türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün nəzərdə tutulan layihələri uğurla icra edəcək. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə vurğuladı ki, ölkəmiz də türkdilli dövlətlərin əməkdaşlığının genişləndirilməsinə öz töhfəsini verir. Nazir müavini investisiya qoyuluşu üzrə göstəriciləri də qeyd etdi.
Real imkanlarımız, mövcud potensial isə bu göstəricilərin daha da artırılması üçün geniş şərait yaradır. Digər çıxış edənlər də qeyd etdilər ki, türkdilli ölkələr arasında ticarət göstəriciləri üzrə ümumi dövriyyədə əhəmiyyətli dərəcədə artım nəzərə çarpır. Konfransda iqtisadi münasibətlərin genişləndirilməsi məqsədilə qarşılıqlı investisiya imkanlarından istifadə edilməsinin vacibliyi vurğulandı, Cənub Qaz Dəhlizinin əhəmiyyətinə toxunuldu. Konfransın yekununda üzv dövlətlərini təmsil edən şirkətlərə “Biznes Mükafatı” təqdim olundu.

