SOCAR İstiqrazlarının isdifadəyə verilməsindən 2 il ötür
ARANTV.AZ xəbər verir ki, SOCAR istiqrazlarının istifadəyə verilməsindən 2 il ötür. Bu müddət ərzində istiqraz sahiblərinə ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib. Bu gün isə SOCAR istiqrazlarının növbəti – 8-ci faiz ödənişi olub.
“2016-cı ildən dövriyəyə buraxılan SOCAR istiqrazlarının sahibləri hər istiqraza görə 12,5 dollar qazanıb. İstiqraz sahiblərinə ümumilikdə, 1 milyon 250 min dollar vəsait ödənilib. 100 milyon dollar həcmində buraxılan, illik 5% gəlirliliyi və hər 3 aydan bir faiz ödənişi olan bu qiymətli kağızlar 2 il ərzində ölkənin qiymətli kağızlar bazarında ən çox alınıb-satılan alətə çevrilib”. Bu barədə SOCAR-ın qiymətli kağızlarla əməliyyatlar üzrə baş məsləhətçisi Ali Ağaoğlu bildirdi. Onun sözlərinə görə, bu müddət ərzində istiqrazlara ilkin bazarda tələb emissiya həcmindən 2 dəfə artıq olub, təkrar bazarda isə alğı-satqı həcmi artıq 170 milyon dollara yaxınlaşır. Beləliklə, bu göstəricilərdən məlum olur ki, buraxıldığı ilk gündən bəri istiqrazlara qarşı həm fiziki, həm də hüquqi şəxslər tərəfindən maraq böyükdür. Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, SOCAR-ın geri alma zəmanəti, eləcə də, faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib.
Ötən ilin noyabr ayından etibarən isə istiqrazlarla REPO əməliyyatları da həyata keçirmək mümkündür. REPO əməliyyatları SOCAR İstiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, aşağı faizlə qısamüddətli kredit götürmək imkanı verir. Hazırda SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edir. Bu istiqrazların sahibləri uzunmüddətli kredit götürmək imkanına da malikdir. Onlar öz istiqrazlarını razılıq əldə olunmuş banklarda girov qoymaqla, illik 15-16%-lə manat krediti əldə edə bilərlər. SOCAR istiqrazları girovdaykən belə, dollarda illik 5% gəlir gətirməyə davam etdiyi üçün manatla götürülən kreditin illik faizi realda 9%-ə qədər enir. Hazırda ölkə vətəndaşları, eləcə də, yerli və xarici fiziki, hüquqi şəxslər, SOCAR İstiqrazlarını “ASAN xidmət”in 1 və 5 saylı mərkəzlərinə müraciət etməklə təkrar bazardan əldə edə bilərlər.

